“Qalatasaray”dan daha bir transfer

Transfer çalışmalarını davam etdriən Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Yenicag.az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Ceyson Denayeri icarəyə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Denayerin gələn yaya kimi “sarı-qırmızılar”ın uğurları üçün çalışacağı qeyd edilir. 22 yaşlı belçikalı futbolçunun özü və klubu ilə razılığa gələn “Qalatasaray” yeni futbolçusu ilə yaxın günlərdə icarə müqaviləsi imzalayacaq. Buna qədər isə onun tibbi baxışdan keçməsi gözlənilir.

Qeyd edək ki, 2015/16 mövsümündə də icarə əsasında “Qalatasaray”da oynayıb. İstanbul klubu bu dəfə onu birdəfəlik transfer etmək istəsə də, İngiltərə klubu ilə razılığa gələ bilmədi. Halbuki, Denayerin özü də Türkiyə klubuna transferində maraqlı idi. Sonda tərəflər bir illik icarə ilə bağlı razılıq əldə ediblər.

2015-ci ildən Belçikanın əsas yığmasında oynamağa başlayan Denayer “Mançester Siti”nin yetirməsi olsa da, bu komandada rəsmi matça çıxmayıb. O, 2014/15 mövsümünü “Seltik”də, 2015/16 mövsümünü “Qalatasaray”da, 2016/17 mövsümünü də “Sanderlend”də keçirib.

Yeri gəlmişkən, “Qalatasaray” heyətində yer alan futbolçulardan ikisi ilə də vidalaşmağa qərar verib. Belə ki, baş məşqçi İqor Tudorun heyətdə görmədiyi fransalı sol cinah müdafiəçisi Lionel Karol İspaniyanın “Sevilya” klubu ilə anlaşıb. O, qarşıdakı mövsümü La Liqa klubunda icarədə keçirəcək. Belçikalı sağ cinah müdafiəçisi Luis Kavanda isə ölkəsinə qayıdır. O, Belçikanın “Standart” klubu ilə anlaşıb. Kavanda da icarəyə veriləcək. Bu iki transferin də yaxın günlərdə tam rəsmiləşəcəyi bildirilir.

Yenicag.az

COP29