“Bəzən itkin düşən əsgərin səhvən şəhid kimi təqdim olunması hallarına rast gəlinir”.
Bu sözləri Azərbaycanın qələbə ilə yekunlaşdırdığı Vətən Müharibəsində canından keçən şəhidlərimizlə bağlı vəziyyəti dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazovun sözlərinə görə, hazırda Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizlə bağlı məlumatların dəqiqləşdirilməsi prosesi gedir:
“Bu il baş verən Vətən Müharibəsi bütün aspektləri ilə əvvəlki savaşlardan fərqlənib. Burada qeyd edilməlidir ki, Birinci Qarabağ Savaşında informasiya texnologiyaları yox səviyyəsində olduğu üçün müharibəyə dair obyektiv məlumatların yayımlanmasında ciddi problemlər yaşanırdı.
İkinci Qarabağ Savaşında isə yeni texnologiyalar geniş tətbiq olunsa da, müharibənin gedişində internetə məhdudiyyətlərin qoyulması haqda qərar informasiya təhlükəsizliyinin qorunması baxımından özünü tamamilə doğrultdu.
Lakin internetin məhdudlaşdırılması heç bir halda döyüş itkilərimizin gizlədilməsi məqsədi daşımırdı. Bildiyiniz kimi, hətta atəşkəs dövründə belə cəbhədə baş verən insidentlər haqqında ictimaiyyətə məlumat verilirdi.
Hazırda Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizlə bağlı məlumatların dəqiqləşdirilməsi prosesi gedir. Çünki genişmiqyaslı müharibələrdə itkin düşənlərin olması qaçılmazdır.
Bəzən səhvən itkin düşən hərbçilərin şəhid kimi təqdim olunması hallarına da rast gəlinir. Əslində, qalib tərəf olaraq, Azərbaycanın gizlədəcəyi heç nə yoxdur. Hər halda, araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bildiyiniz kimi, bütün müharibələrdə hücum edən tərəfin itkisi daha çox olur. Lakin Azərbaycanın bu müharibədə seçdiyi ağıllı və effektli taktika, o cümlədən, hərbi arsenalımıza ən müasir silah və texnikanın daxil edilməsi sayəsində müdafiə olunan düşmənin itkiləri bizimlə müqayisədə qat-qat çoxdur”.
Gülşən Şərif