Qalmaqallı görüşdən SONRA: “Trampın öz həqiqətləri ola bilər, amma…”

“Ağ Evin Oval ofisində baş verən məlum olay ABŞ dövləti rəhbərlərinin dövlət ədəb-ərkanından xəbərsiz olduğunu göstərdi. Bu, siyasətlə məşğul olan siyasətçilərə yaraşmayan hal idi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Analitik ötən həftə dünya mediasında rezonans doğuran Donald Tramp-Volodimir Zelenski görüşündə baş verən hadisələrə, habelə bundan sonra ABŞ-nin Ukrayna siyasətində atacağı addımları şərh edib.

A. Qasımova görə, Zelenskini siyasətdə naşılıqda ittiham edənlər Tramp və ətrafını bu hadisədən sonra siyasət yürüdüklərini deyəndə iki dəfə fikirləşməlidirlər:

“Əvvəla, qonaq dövlət başçısına qarşı belə rəftar yolverilməz idi. İkincisi isə Zelenski Ağ Evə onların şərtləri ilə müqavilə imzalamağa gəlmişdi. Amma edilən hərəkət onu göstərdi ki, Ağ Ev administrasiyası bu müqavilənin məsuliyyətinin gətirdiyi ağırlıqdan qorxdu. Müqavilədən sonra Tramp və komandası Ukraynaya təhlükəsizlik zəmanəti verməli idi. Görünən o oldu ki, ABŞ buna hazır deyildi. Hədə dili ilə zəif dövlətdən nə isə qoparmaq olar. Amma sonra bunun arxasında durmaq lazımdır. Zelenski də onların təzyiqi altında qalmadı. Öz sözünü dedi. Amma, təbii ki, bu hadisə təəssüf doğuran hadisə idi”.

“Trampın öz həqiqətləri ola bilər, amma dünyada da bir məlum nizam və həqiqətlər var. Bunları gözardı etməyin məsuliyyəti var. Hesab edirəm ki, proseslər Avropa və ABŞ arasında qırılmaya kimi gedə bilər. ABŞ NATO-dan belə çıxa bilər. Amma bu, dünyanın sonu deyil. Hədə dili ilə danışanlar da, hədə olunanlar da insandırlar. Ya ortaq yol tapılacaq, ya da hər kəs öz yolu ilə gedəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov