Şəhid vərəsələrinə birdəfəlik 11 min manat ödənişin edilməsində problemlər yaşanmaqdadır.
Məsələ ilə bağlı ən böyük narazılıq isə şəhid polislərə “qan pulu”nun nəzərdə tutulmamasıdır.
Məsələ ilə bağlı Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Yenicag.az-a bildirib ki, 11 min manat birdəfəlik ödəniş bütün şəhid ailələrinə verilsə, lap yaxşı olar:
“Bilirsiniz ki, son illər şəhid ailələrinə və Qarabağ qazilərinə verilməli olan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası – xalq arasında “qan pulu” deyilən vəsaitin ödənməsini istəyən, tələb edən azsaylı adamlardan biriyəm. Şükür Allaha, bu ilin aprelində Prezident İlham Əliyev bu problemi həll etmək üçün fərman imzaladı. Düzdür, bununla bağlı bir sıra problemlər də mövcuddur. Amma ən əsası odur ki, proses başladı”.
Rey Kərimoğlu mövcud problemlərə da aydınlıq gətirib:
“Birincisi, polisdə xidmət edərək şəhid olanların varisləri və Qarabağ əlilləri hələ bu ödənişləri almaqdan kənarda qalıb. İnşallah, növbəti fərmanla da onlar alarlar. İkincisi, 1991-1997-ci ilə qədər həmin sığortanın məbləği az olan vaxtda (50 min manat, təxminən o dövrün hesablamaları ilə 20 dollar civarında) ödəniş alanlar da 2007-ci ildən sonra müəyyənləşən 11 min manat məbləğində “qan pulu”nu almaq istəyirlər. Üçüncüsü, 1991-2007-ci illərdə bu məbləği almasalar da, adları almış kimi qeyd edilənlərdir. Dördüncü isə adları ümumiyyətlə, nazirliyin saytındakı elektron sistemdə çıxmayanlardı. Digər xırda məsələlər də var ki, şəhid ailələrini narahat edir. İmkan daxilində bütün problemləri və çıxış yollarını (tövsiyə şəkilində) ümumiləşdirib müvafiq dövlət qurumlarına təqdim edəcəyik”.
Yaranmış problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransı barədə danışan Qarabağ qazisi bunları deyib:
“Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsənin müraciətlərinin araşdırılması ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini Aftandil Hacıyev “qan pulu” ala bilməyən şəhid varislərinin dediyi “dəftər”i bizə nümayiş etdirdi. Əslində jurnallar o zamanlar Ədliyyə Nazirliyinin təlimatı əsasında hazırlanmış, sığorta şirkətinin səlahiyyətli şəxsləri tərəfindən möhürlənib, imzalanmış qaytanlı sənəddir. Yəni elə adicə bir jurnal və siyahı deyil. Aftandil Hacıyevin çıxışında bir məqam diqqətimi çəkdi. Onlar həmin vəsaiti o zaman müraciət edən varislərin yaşadıqları rayonları üzrə əmanət banklarına köçürüblər. Məncə, problemin bir tərəfi də həmin dövrdəki əmanət bankları ilə bağlıdır. Əcəba, o vəsaiti əmanət banklarından hamı alıbmı? İndi əsas suallardan biri də budur”.
Xatırladaq ki, 1997-ci ildən 2007-ci ilə qədər “qan pulu” indiki rəqəmlə 1100 (min yüz) manat olub.