!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qan yaddaşı: "30 ildən artıq vaxt keçsə də..." - Ülvi Quliyev

!Reklam – Yazi

Sovet İttifaqının dağılmasından 30 ildən artıq vaxt keçsə də, postsovet məkanında imperiya xiffətini çəkənlərin, bəzən isə arzularında daha uzağa gedənlərin olduğunu görürük.

Kənardan gələn bu cür səslərin cəmiyyətimizdə xüsusi qıcıq və narahatlıqla qarşılanması səbəbsiz deyil. Çünki imperiya siyasətindən, imperiya zülmündən ən çox əziyyət çəkən, haqsızlığa məruz qalanlardan biri də məhz Azərbaycan xalqı olub. Çox keçmişə getmədən, müasir tariximizdə xalqımıza yaşadılan faciələr də kifayət edir ki, cəmiyyətimiz elementar imperiya sözündən diksinərək qıcıqlansın və olub-keçənləri qan yaddaşında əbədi yaşatmaq yolunu seçsin.

Sovetlərə görə xiffət edənlər və imperiya ambisiyası ilə yaşayanlar bilməlidir ki, xalqımız 1990-cı ilin Qanlı 20 yanvarını unutmayıb və heç zaman da unutmayacaq. Postsovet məkanındakı ölkələrin müstəqil varlığını həzm edə bilməyənlər nəhayət anlamalıdırlar ki, Azərbaycan xalqı 366-cı alayın iştirak etdiyi Xocalı soyqırımını unutmayıb. 1980-lərin sonlarında Qarabağda baş qaldıran erməni separatizminin arxasında məhz imperiya rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun və onun erməni əsilli, ermənipərəst yaxın ətrafının dayandığı da xalqımıza məlumdur. Əgər kandarımızda olanlardan kimsə düşünürsə ki, bütün bu faciələri Azərbaycana və bizimlə eyni aqibəti yaşamış digər xalqlara nə zamansa unutdura bilərlər, yanılırlar, boş illüziyaya qapılırlar. Belələri unutmasınlar ki, xalqların qan yaddaşının ömrü əbədi olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat qeyd edib ki, 1990-cı ilin 20 Yanvarında sovet qoşunları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən günahsız, əliyalın 147 şəhidimizin ruhu və xalqımız bu qanlı cinayəti törədənləri heç vaxt bağışlamaz. Onu da bağışlamayacaq ki, uşaq, qadın, ahıl bilmədən törədilən qətliama Stavropoldan, Rostovdan, Krasnodardan olan etnik erməni zabit və əsgərləri məqsədli şəkildə cəlb edilmişdilər. Ümumxalq yaddaşımıza o da əbədi həkk olunub ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın tələbləri kobud surətdə pozularaq, 66 minlik sovet silahlısı fövqəladə vəziyyət barədə əvvəlcədən xəbərdarlıq edilmədən Bakı küçələrinə yeridilmişdi. Lakin tarix sübut etdi ki, qanunların tapdalanması və zor gücünə xalqımıza faciələr yaşadılsa da, azadlıq və müstəqillik mübarizəsindən onu döndərmək mümkün deyil.

Xalqımız bütün bunları unutmadığı kimi, onu da unutmur ki, sovet imperiyasının repressiv mahiyyətinə və Mixail Qorbaçovun qisasçı xislətinə, özünün və ailə üzvlərinin həyatına yaranan təhlükəyə baxmayaraq, ulu öndər Heydər Əliyev faciənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, İttifaq rəhbərliyinin siyasi qərarına açıq şəkildə etirazını bildirdi və bu qanlı cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Sovetlərin informasiya blokadası belə Heydər Əliyev miqyaslı dövlət xadiminin etiraz səsinin dünya ictimaiyyətinə çatmasına mane ola bilmədi. 20 Yanvar hadisələrinə ilk rəsmi siyasi-hüquqi qiymət verilməsinin təşəbbüskarı da Ulu Öndər oldu. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də faciə ilə bağlı qərar qəbul etdi. Hadisələr vaxtı sovet Azərbaycanına rəhbərlik edən şəxslərin mövqeyi aydındır, amma nə qədər paradoksal olsa da, hətta milli azadlıq hərəkatı dalğasında rəhbərliyə gələn AXC-Müsavat hakimiyyəti də Qanlı 20 Yanvara dövlət səviyyəsində siyasi qiymət verilməsinin məsuliyyətini üzərinə götürmədi. Azərbaycanın müstəqil dövlətçilik tarixi, bu günümüz və gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıyan bu addımı yenə də məhz Heydər Əliyev atdı. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. O dövrün mürəkkəbliyinə, imperiyanın ozamankı siyasi-hüquqi varisinin və təəssübkeşlərinin təzyiq və təhdid imkanlarına baxmayaraq, Qanlı 20 yanvarın başvermə səbəbləri obyektiv şəkildə araşdırıldı, faciədə günahı olanlar ifşa olundu. Ulu Öndərin imzaladığı Prezident Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Bütün bu təşəbbüslərin, qəbul olunan tarixi qərarların və siyasi iradə bütövlüyünün təməlində Heydər Əliyevin əsl vətəndaş mövqeyi, böyük dövlət xadimi məfkurəsi dayanırdı. Ümummilli Liderimiz deyirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Bu cür hadisələr o vaxt unudulmur və layiq olduğu ictimai münasibəti o zaman qazanır ki, tarix məhz dövlət səviyyəsində qorunur, ictimai dəyərləndirmənin arxasında da məhz dövlətin və onu təmsil edən hakimiyyətin özü dayanır. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi təqaüdün təsis edilməsi ilə bağlı 2006-cı il 19 yanvar tarixli Fərmanı ümumxalq yaddaşının dövlət səviyyəsində rəsmən mühafizə edildiyinin, cəmiyyətimizdə mövcud olan rəy birliyinin dövlət səviyyəsində qorunduğunun ifadəsidir. Ali qonaqların ölkəmizə rəsmi səfər protokolunda Şəhidlər xiyabanına ziyarətin nəzərdə tutulması və bunun artıq ənənəyə çevrilməsi də elə həmin dövlət ərkanından irəli gəlir. Şəhidlər xiyabanını ziyarət edən hər kəs qəlbən hiss edir ki, xiyaban təkcə şəhidlərin uyuduğu müqəddəs məkan deyil, həm də şərəfli tariximizə ümumxalq və dövlət ehtiramını ehtiva edən qan yaddaşı abidəsidir. Bu müqəddəs məkanda olan ali və qeyri-rəsmi qonaqlar da azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan, bu yolda qurbanlar verən Azərbaycan xalqının böyüklüyünü, onun əyilməz ruhunu və müstəqillik seçiminin əbədi olduğunu həmən duyurlar. Elə özümüz də!

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv