“Qanun layihəsinin geri götürülməsindən sonra vəziyyət nisbətən sabitləşsə də…” – REAKSİYA

“Gürcüstanda yaşananlara böyük dövlətlərin regionda nüfuz mübarizəsinin bir elementi kimi yanaşmaq olar”.

Bu fikirləri Gürcüstanda cərəyan edən proseslərin mümkün inkişafı haqda danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, Gürcüstanda baş verənlər həm də böyük dövlətlərin regionda nüfuz mübarizəsinin bir elementidir:

“Gürcüstanda son həftələrdə baş verən hadisələrin səbəbi kimi xarici agentlər haqqında qanun layihəsi göstərilsə də, orada daha ciddi amillərin rol oynadığını söyləmək mümkündür.

Ölkə prezidentinin ABŞ-yə səfəri, orada verdiyi bəyanatlar və hökumətlə ziddiyyət təşkil edən mövqe ifadələri vəziyyətin heç də bəsit olmadığını göstərir. O baxımdan, Gürcüstanda yaşananlara həm də böyük dövlətlərin regionda nüfuz mübarizəsinin bir elementi kimi yanaşmaq olar.

Doğrudur, həmin qanun layihəsinin geri götürülməsindən sonra vəziyyət nisbətən sabitləşsə də, bunun nə qədər davam edəcəyinə dair qəti fikir bildirmək çətindir. Görünən budur ki, prezidentlə hökumət arasında fikir ayrılıqları dərinləşir və müxalifət də qarşıdurmada prezidenti dəstəkləməyə meyillənir. Ona görə də Gürcüstanda proseslərin yeni dalğasının baş qaldıracağı çox realdır”.

A.Zeynalov