Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Lənkəran, Neftçala və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Azər Hüseynov, Neftçala rayon sakinləri Bəxtiyar Mirzəməmmədov, Şükür Soltanov, Bakı şəhər sakini Qasım Əliyev və Qax rayon sakini Qulu Məmmədov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:
“Eyni zamanda Sarısu Ovçuluq Təsərrüfatının ərazisində İmişli rayon sakini Nəcəf Nəzərov, Mingəçevir su anbarının yaxınlığında isə Samux rayon sakini Orxan Əlizadə və Ağstafa rayon sakinləri Eltun Şükürov, Şahin Məmmədov ov qaydalarını pozduqlarına görə saxlanılıb”.
Xidmət rəsmisi əlavə edib ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.