“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər.
AMB-dən Yenicag.az-a bildirilib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (https://www.cbar.az/page-853/electronic-money-institutions) yoxlanıla bilər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.
Bu baxımdan lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə bu barədə Mərkəzi Bankın (https://contact.e-cbar.az/) məlumatlandırılması xahiş olunur. Mərkəzi Bank tərəfindən məlumat verən şəxs barədə konfidensiallıq təmin olunacaq.