Qanunsuz mərc oyunlarından şikayətlər artır — DİN məsələyə REAKSİYA VERDİ

Son zamanlar ölkədə qanunsuz mərc oyunları ilə bağlı şikayətlər artıb. Vətəndaşlar bu oyunlar zamanı tez-tez aldadıldıqları barədə şikayət edirlər. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində də qanunsuz şans oyunlarının reklamı və təbliğatı tüğyan edir. Sosial şəbəkələrdə məşhur olan bir çox Azərbaycan səhifələri bu oyunların geniş təbliğatını aparır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdə saxlanılır:

“Qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin, ölkə ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri polis əməkdaşlar tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aşkar olunan faktlar və həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur”.

DİN rəsmisi qeyd edib ki, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işi hallarından asılı olaraq Cinayət və İnzibati Xətalar Məcəllələrinin müvafiq maddələrinin tələblərinə əsasən məsuliyyət yaradır.

Qeyd edək ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ölkəmizdə qanuni şans oyunları “Azərlotereya” tərəfindən həyata keçirilir.

Fırıldıqçıların tələsinə düşməmək üçün qanunsuz şans oyunlarından uzaq olun, pulunuzu və bəxtinizi yalnız qanuni şans oyunlarına etibar edin.

COP29