“Qanunun aliliyi olmalıdır, məmur dərəbəyliyi yox”- Ekspert -Yenilənib

15645652_10210123334232609_2052208510_nBu gün sosial şəbəkələrdə evisa.az domeninə məxsus şəxsə məktub ünvanlanaraq, fəaliyyətinin dayandırıldığını və domen üzrə səlahiyyətlərin “ASAN Viza” xidmətlərini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilməsi ilə bağlı informasiya yer alıb. Eyni zamanda, bu qərarın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verildiyi öz əksini tapıb.

Məsələ ilə bağlı Yeniçağ.az saytına danışan İKT üzrə mütəxəssis Vahid Qasımov deyib ki, bu addım domenlərin tənzimlənməsini nəzərdə tutan “Telekommunikasiya haqqında” Qanuna ziddir. Onun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkbaşına belə bir qərar verə bilməz.
Dövlət qurumları üçün www.gov.az zonası nəzərdə tutulub. Oradakı domenlər heç kimə satılmır. Amma bir şəxsin aldığı, vaxtlı-vaxtında pulunu ödədiyi və heç bir qanun pozuntusuna yol vermədiyi halda domeni əlindən almağa heç kimin ixtiyarı yoxdur. Hesab edirəm ki, qanunun aliliyi olmalıdır, məmur dərəbəyliyi yox”.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Yeniçağ.az-a verilən məlumata görə, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb.

Lakin bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi. Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər. Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub.
Qeyd edək ki, Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar ölkənin imicinə zərər verən amillərdən biridir.
Qeyd olunanları nəzərə alaraq, çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytlara müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domen sahibləri ilə görüşərək, müzakirələr aparılıb. Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb.

P.S. Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

BƏXTİYAR
Yeniçağ.az

COP29