!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qapıları bu gənclərin üzünə “bağlanan” kirayə mənzillər: “Dava-dalaş, siqaret, içki...” - VİDEO

!Reklam – Yazi

16:14

“Tələbə yataqxanalarının sayının artırılması kirayə mənzil bazarında avtomatik olaraq, mənzil çoxluğu yaradacaq”.

Yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Paytaxta təhsil almağa gələcək tələbələrin tələbatı fonunda kirayə mənzil bazarında artıq müəyyən canlanma hiss olunur. Kirayə ev axtaran tələbələr arasında əsas problemi isə oğlanlar yaşayır. Çünki ev sahiblərinin əksəriyyəti kirayəçi qismində tələbə qızlara daha çox üstünlük verir. Maraqlıdır, ev sahiblərinin tələbə oğlanlara yönəlik bu yanaşmalarının səbəbi nədir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tələbə oğlanlar yalnız kirayə evi real qiymətindən yüksək olduğu halda rahatlıqla tapa bilir:

“Hazırda əsas problem kirayə ev bazarında mənzil qıtlığının yaşanmasıdır. Bu çətinliyi isə daha çox tələbələr yaşayır. Paytaxt Bakıda tələbələr daha çox universitetlərə yaxın ərazilərdə kirayə ev tutmağa çalışır. Lakin tələbələrə kirayə ev verənlərin sayı çox azdır. Xüsusən də, bu məsələdə tələbə oğlanlar daha çox əziyyət çəkir. Çünki tələbə oğlanlar təmizlik məsələsinə riayət etmir, dava-dalaşa meyllidir, evdə siqaret çəkir, spirtli içkilər içirlər və sair”.

Reallıq bundan ibarətdir ki, köhnə yaşayış binaları və həyət evlərində kirayə verilən mənzillərin əksəriyyəti standartlara uyğun deyil: “Kirayə üçün nəzərdə tutulan evlərin təmiri və sanitar qovşağı çox bərbad vəziyyətdə olur. Əsasən də, su qızdırıcılarının (“pyatiminutka”) təhlükəsizlik qaydalarına uyğun quraşdırılmaması dəm qazından zəhərlənmə hallarının artmasına yol açır. Eyni zamanda, digər məişət əşyalarının vəziyyəti də ürəkaçan olmur”.

Ekspertin fikrincə, tələbə oğlanların kirayə mənzil problemini həll etmək üçün ali məktəblərin yataqxanalarının fəaliyyəti bərpa olunmalıdır:

“Tələbə yataqxanalarının sayının artırılması kirayə mənzil bazarında avtomatik olaraq, mənzil çoxluğu yaradacaq. Nəticədə qiymətlərdə də müəyyən ucuzlaşma müşahidə olunacaq və mənzil bazarında rəqabət mühiti formalaşacaq”.

Fərzəliyev hesab edir ki, ümumilikdə mövcud şəraitdə bu sahəni tənzimləyən qurumun olmaması problemin həllinə əngəl törədir:

“Hazırda köhnə yaşayış binalarında 2 otaqlı kirayə evin qiyməti təxminən 350-400 manat civarındadır. Bununla yanaşı, kommunal xərclər də ayrı hesablanır. Bu tendensiya isə tələbənin xərclərini daha çox artırır. Kirayə mənzil problemini həll etmək üçün ev sahibi ilə kirayəçi arasında notarial müqavilə bağlanmalı və ev yiyəsi vergiyə cəlb olunmalıdır. Bu gün evini kirayə verən vətəndaşların çoxu dövlətə vergi ödəmir. Həmçinin, qanuna əsasən, insan bir evdə 1 həftə və ya 10 gündən artıq yaşayırsa, həmin ünvana müvəqqəti qeydiyyata düşə bilər. O səbəbdən, vətəndaş hansısa rayondan paytaxta gəlib kirayədə qalırsa, müvəqqəti olaraq yaşadığı evə qeydiyyata düşməlidir. Bu, dövlət və ya hansısa qurum tərəfindən vətəndaşa göndərilən məktubun çatdırılması, vətəndaşla qısa müddətdə əlaqənin yaradılması baxımından zəruridir. Təəssüf ki, ölkəmizdə bu məsələlər hələ də tənzimlənməyib”.

www.yenicag.az

1465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv