Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: “Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var: “Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.