Bir ay bundan öncə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov telekanalların birinə verdiyi müsahibədə jurnalistlərə məsləhət verərək, “Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Lakin siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın subasmasını görmədiniz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?”,- deyə fikir səsləndirdi.
Hacıbala Abutalıbovun verdiyi məsləhət media mənsubları arasında geniş müzakirəyə səbəb oldu. Onun bu məsləhətindən sonra paytaxtımıza yağan qarın heç də ardı-arası kəsilmək bilmədi. Artıq iki gündür ki, şəhər yenə ağ yorğana bürünüb. Maraqlıdır, qarın yaratdığı fəsadları aradan qaldırmaq üçün media mənsubları Hacıbala Abutalıbovun məsləhətlərinə “riayət edərək”, yolların buzunu təmizləyiblərmi? Yoxsa, bu səhər sürüşə-sürüşə redaksiyaya gəlib, Hacıbala müəllimin gözəl Bakısı haqqında mənfi rəymi yaradıblar?
Yeniçağ.az onların fikirlərini təqdim edir:
Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət səhər duran kimi ilk işinin qonşuların avtomobillərini qardan təmizləmək olduğunu dedi:
“ Sonra məhlədə yaşlı adamlar yıxılmasın deyə bir cığır açdım, yorulan kimi kirayə qaldığım evimə qalxıb, qarğıdalı “supuna” jmıx səpib, ləzzətlə yedim. İsinəndən, qarnımı doyurandan sonra Həciyə (Hacıbalanı nəzərdə tutur – red.) Allahdan can sağlığı arzulayıb, minnətinə diqqətdar oldum. Gəldim işə. Burada da jurnalist yoldaşlarla 1 saat iməcilik etdik, ofisin həndəvərindəki yolları qaşıdıq. Kanalizasiya lyuklarını yağladıq. Xüsusən də gənc, perspektivli, bığ yeri təzə tərləmiş müxbirimiz Elkin Xəlilov böyük canfəşanlıqla çalışdı. Allah ona da dəyməsin. Ümumiyyətlə, “Həci başqa şeydür””.
Milli.az saytının əməkdaşı İlkin İzzətin fikrincə, əslində, sual ritorikdir və içində təbii ki, ironiya gizlənir:
“ Biz nə karəyik ki, hörmətli Hacıbala müəllimin sözündən çıxaq? Zülümov dedi, qurtardı!”.
7news.az saytının baş redaktoru Səbuhi Abbasov hesab edir ki, Hacıbala Abutalıbovun “çağırışına” hər bir media işçisi can-başla qoşulmalıdır:
“Ancaq problem tək Hacıbala müəllimlik deyil. Nəqliyyatın iflici ilə bağlı bir sıra qurumlar cavabdehlik daşıyır. Ötən ilin payız və qış ayları sözün hər mənasında bu sahədə ciddi maliyyə fırıldaqlarının olduğunu sübut etdi. Qarın yaratdığı fəsadların insanlara zərər vurmasında “Azəravtoyol” və bələdiyyələr birmənalı şəkildə məsuliyyət daşıyırlar”.
Musavat.com-un əməkdaşı Əli Rais isə söylədi ki, qarın fəsadlarını günəş aradan qaldırır:
“Ona görə də təmizləməyə gərək qalmayıb. Bakının mərkəzi küçələrində qarı təmizləyirlər. Əsas problem məhəllələrdə, ara küçələrdə və səkilərdədir. Ona da Hacıbala yox, yerli icra hakimiyyəti və eyni zamanda MİS-lər cavabdehdir. MİS-lərə hər il büdcədən vəsait ayrılır. Ancaq heç bir iş görmürlər. İldə iki dəfə qar yağır, onu da təmizləmək istəmirlər. Bəs bu ayrılan milyonlar hara xərclənir? Bizim qar təmizləməyimizə gəlincə, məncə, hər kəs öz bacardığı və öhdəliyindəki işi görsə yaxşıdır”.
Türküstan.info-nun baş redaktoru Aqil Camal isə yalnız səhər avtomobilinin üstündəki qarı təmizlənməklə kifayətlənib:
“Səhərdən başım işə qarışdığından “ümumxalq iməciliklərində” iştirak edə bilməmişəm”.
Tia.az saytının baş redaktoru Əlişir Əhəd bu məsələlərdə Hacıbala müəllimin verdiyi məsləhətdən bəhrələnməyə çalışdığını dedi:
“ Təəssüf ki, Hacıbala müəllimin özü və işçiləri mənə imkan vermədi. Səhər tezdən hər yerdə Merin işçilərinin əlində bel gördüm. Ona görə bu dəfə Hacıbala müəllimin məsləhətlərinə əməl edə bilmədim”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az