Azərbaycanın müstəqilliyini qazandığı dövrdən sonrakı dönəmdə ən böyük ağır cinayətlərdə imzası olan Hacı Məmmədov artıq yoxdur.
Polis polkovnik-leytenantı, kriminal dəstə başçısı, həvəskar rəssam olan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Hacı Məmmədova qarşı aparılmış “Qara kəmər” əməliyyatı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci il martın 10-da həyata keçirdiyi və səs-küyünə görə, respublikada gəlmiş-keçmiş ən böyük əməliyyatdır. 11 mart 2005-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.
“Qara kəmər” əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub.
“Qara kəmər” əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək edib.
Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görülüb.
Qısacası, sabiq MTN şefi Eldar Mahmudovun da parlamasına səbəb olan və özünün suç imperiyası qurmasına rəvac verən “Qara kəmər” əməliyyatının “qəhrəman”ı Hacı Məmmədov artıq yoxdur. Sirlərini, açılmamış cinayətləri özü ilə məzara apardı, yoxsa o sirlərin artıq kimsəyə faydası qalmamışdı, məchuldur. Bilinən tək şey, MTN-in “qara qutu”su İlqar Əliyev kimi Hacı Məmmədovun da intihar etdiyi və ya bu şəkildə aradan götürüldüyüdür.
Əslində Hacı Məmmədov 2005-ci ildə həbs olunarkən, “Qara Kəmər” ilə boğdurulmuşdu, canı isə indi çıxdı…
Hacı Məmmədovdan geriyə isə bu fotolar qaldı…
Yenicag.az təqdim edir: