!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qara Moşu zirvəsi – Yusif Alı Afşar yazır

!Reklam – Yazi

13528184_10207855695343847_4059686055130591075_o-1-620x2641 mart 1995-ci il. İlk baxışdan adi tarix kimi görsənən bu gün, ay, il qazaxlılar, xüsusən də salahlılar üçün hüzn günü idi. Qazax elinin sayılıb-seçilən şəxsiyyəti, xeyirxah, qayğıkeş insan, el ağsaqqalı Moşu Qurbanov dünyasını dəyişmişdir. Həmin gün o böyük insan izdihamı, xalq coşqusu ilə dogma kəndi, canı, qanı qədər sevdiyi Yuxarı Salahlıdakı son mənzilinə yola salınacaqdı. Qazaxdan Yuxarı Salahlıyadək 20 kilometrlik yolu camaatın çiyinlərində gələn Moşu Qurbanova xalq öz sevgisini, məhəbbətini sonuncu dəfə göstərmək üçün yolboyu düzülmüşdülər. Qazaxda kiçikdən böyüyə hər kəsin tanıdığı Moşu müəllim öz xeyirah əməlləri ilə, torpaq, el sevgisi ilə xalqın qəlbində sağlığında heykəlləşə bilmişdi. Buna görə də bu dəyərli insanın cismani ayrılığı hər kəsin üzünə kədər hissi gətirmişdi.

Bəs kim idi Moşu Qurbanov?

13551101_10207855753665305_433054170_n

Qısa arayış:

Moşu Mehdi oğlu Qurbanov 1928-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Uşaqlığı ağır repressiya, müharibə dövrlərinə düşən balaca Moşunun 6 yaşı olarkən anası Sayalı xanım dünyasını dəyişir. O, analığının ona və qardaş-bacılarına anadan da artıq olan Xədicə xanımın ana nəvazişi ilə böyümüşdür. Moşu Qurbanov 12-13 yaşlarındaykən ailənnin zəruri ehtiyaclarını qarşılamaq üçün kəndin qızğın təsərrüfat işlərinə – kolxozun işlərinə qoşulmuşdur. Müharibə dövründə kolxozun at, kəl, öküz arabalarını sürər, xırmanda byunduruqda, vəldə oturaraq taxıl döyəclədərdi. Sakit təbiətli, ciddi görkəmli, az danışan Moşu Qurbanov az keçməmiş yorulmaz əmək fəaliyyətinə görə dövlət tərəfindən “Əmək şücaətinə görə” medalı ilə təltif olunmuşdur. Əməkdən qorxmayan, qoçaq oğlan olan Moşu Qurbanov orta məktəbi bitirəndən sonra təhsil almaq üçün böyük çətinliklərə baxmayaraq Bakıya gəlir və Mühasibat-Uçot Texnikomuna daxil olur. Burada o çox çalışqan, istedadlı, yaxşı oxuyan tələbə kimi bütün müəllimlərinin, hətta texnikumun direktoru Murad Tabasaranskinin də xüsusi diqqət və hörmətini qazanmışdır. Sonralar Murad Tabasaranski Moskva Dövlət Kooperativ İnstitutunun Bakı filialının rektoru təyin olunan zaman özünün sevimli tələbəsini yanına çağırmış və onun mütləq ali təhsil almasını vacib saymışdır. Moşu Qurbanov rektorun göstərişi ilə istehaslatdan ayrılmamaqla İnstitutda mühasib ixtisasına qəbul olunmuş və həmin ixtisasla da institutu bitirmişdi. Moşu Qurbanova Bakı şəhərində qalıb işləmək üçün çox yüksək vəzifələr təklif olunsa da, o öz el-obasına bağlı olduğundan doğma Qazaxına qayıdaraq ömrünün qalan hissəsini də ata yurdu, ana torpağı ilə bağlamışdır. Moşu müəllim Qazax rayonunda Raykomittifaqın, İctimai-iaşə birliyinin sədri işləmişdir. Qazax rayon Çörək Zavodunun  tikilməsi birbaşa Moşu Qurbanovun adı ilə bağıdır. Sonralar Moşu Qurbanovun torpağa, əkin-biçinə, aqrar sahəyə bağlı olması onu kənd təsərrüfatı sahəsinə rəhbərliyə gətirmişdir. O uzun illər “Vaqif” adına Yuxarı Salahlı sovxozuna, Aşağı Salahlıda “Bakı” sovxozuna direktor kimi rəhbərlik etmişdir. Dəfələrlə onun rəhbərlik etdiyi sovxozlar o dövr üçün ən böyük mükafat olan, əməkdə fərqləndiyinə görə “Keçici Qırmızı Bayrağa” layiq görlmüşdür. Moşu Qurbanovun sayəsində kənd təsərrüfatı sahəsində Respublika əhəmiyyətli böyük uğurlar əldə edilmişdir. İlk dəfə sovxozlarda seleksiya yolu ilə yetişdirilmiş cins inəklərin bəslənilməsi Moşu Qurbanovun adına yazılacaq xidmətlər idi. Sovxozun əkin sahələrində aqrar qulluğa az ehtiyacı olan, məhsuldarlığı yüksək olan bitkilər əkilməyə başlamışdır. Üzümçülüyün inkişafı və regionda şərab zavodlarının imkanlarının genişləndirilməsi də Moşu Qurbanovun sayəsində həyata keçirilmişdir. Qəlbi, ruhu həyat eşqi ilə dolu, daim qurmaq, yaratmaq hissi ilə yaşayan Moşu Qurbanovun böyük ürəyi 28 fevral 1995-ci il tarixdə əbədi olaraq dayanaraq, onu sevdiklərindən cismani ayırıb apardı.

Moşu Qurbanovu hər yerdə hörmət, izzət sahibi edən onun mükəmməl dayaqlar üzərində qurulmuş ailəsi idi. Ömür-gün yoldaşı Bəsti xanım Moşu Qurbanovla ailə quranda cəmi 13 yaşı vardı. Lakin qoçaq, namuslu, şərəfli Bəsti xanım qısa müddətdə Qara Moşunun ailə institutunun bütün şərtlərini, qaydalarını mənimsədi, öyrəndi və bu sərt, ötkəm kişinin həyat yoldaşı olmaq şərəfinin ağırlığını və məsuliyyətini anladı. Onların ailə izdivacindan Şabəddin, Məhəmməd adlı iki oğlu və Səyalı, Məlahət, Mətanət adlı üç qızı dünyaya gəldi.13512035_10207855697463900_1252855229921441184_n

 

Şabəddin Qurbanov da atası Qara Moşu kimi mərd, el-obaya bağlı bir şəxsiyyət idi. İş adamı kimi böyük nüfuz sahibi idi rayonda və Respublikada. Çox heyif ki, Tanrı Şabəddin müəllimə qısa ömür bəxş etdi, atasına olan sevgisi onu tezliklə haqq dünyasına qovuşdurdu.

Qızı Səyalı xanım həkim, kiçik oğlu Məhəmməd Qurbanov isə iqtiisadiyyat sahəsində tanınmış mütəxəssis oldular. Qızı Məlahət xanım isə atasının arzusu ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. O da atası kimi qətiyyətli və məsuliyyətli bir insandır. Çünki Moşu müəllim beş övladı içərisindən daha çox Məlahət xanıma böyük ümidlər bəsləyirdi. İndi də Məlahət xanım mənsub olduğu nəslin genetk kodunun ən mükəmməl davamçılarındandır. Məlahət xanımın yüksək idarəçilik qabiliyyəti 1987-ci ildən  bu günə kimi Bakı şəhər Lombardına rəhbərlik etməsindən daha aydın görünür. Bu gün də Məlahət xanım həm də ləyaqətli iş adamı kimi cəmiyyətdə böyük hörmət sahibidir.

Yuxarı Salahlı kənd orta məktəbinin tarix müəllimi, kənd ağsaqqalı, atam, mərhum İmrayıl Alıyevin dilindən eşitdiyim və arxivində saxlanan materiallar içində Moşu Qurbanovla bağlı bir çox dəyərli məlumatlara sahib insan kimi, Moşu Qurbanov haqqında dastanlara sığacaq kitablar yazmaq olar. Moşu Qurbanov sağlığında böyük hörmət və izzət sahibi idi. Respublikada və SSRİ məkanında çox dəyərli dostları və yaxınları vardı. Atam deyərdi ki, dostlarından çox nadir hallarda şəxsi xahişlər edərdi. Əsasən ona ünvanlanan xahişləri xahiş edərdi dostlarından. Sevimli dostları da onun bir sözünü iki etməzdi. Gənc yaşlarından el ağsaqqalı olan, mərdlik simvoluna çevrilən Moşu Qurbanova el arasında “Qara Moşu” deyərdilər. Məlumdur ki, “qara” qədim türk dilində böyük, nəhəng deməkdir. Bəli, sanki bu ad da Moşu Qurbanovun adına biçimli, ölçülü idi. Qara Moşu Qazaxda daha çox imkansıza, kasıba, başsız ailələrə əl tutardı, kömək edərdi. Sovet dövründə xeyriyyəçiliyin qadağan olduğunu nəzərə alsaq bu cür himəyadarlıqların da edilməsinin çox çətin olduğunu bilərik. Anonim yazanlar nə qədər çox olsa da, bu dağ əzəmətli Qara Moşunu öz xeyirxah əməllərindən çəkindirmirdi. Kəndlərin bərbad yolları əsasən Moşu Qurbanovun sovxoz direktoru işlədiyi zamanlarda abadlaşdırıldı. Yol boyu gündüz işıq dirəkləri quraşdırıldı. Əhalinin içməli su problemi ilə yanaşı Kür çayından böyük nasoslar vasitəsilə vurulan su ilə kəndlərin suvarma problem də öz həllini köklü surətdə tapdı.

 

13563328_10207855733704806_310582930_nQara Moşu həm də çox sərt, ötkəm, ədalətsizliklə, haqsızlıqla barışmayan bir kişi idi. Sovet dövründə rəhbər vəzifələrdə işləyən hər bir namuslu insan kimi Qara Moşunu da bu özəlliklərinə görə alçaq insanlar tora salmaq üçün şərləyə bildilər. Partiya iclaslarının birində ədəbsizliyi ilə ad çıxarmış rayon partiya komitəsinin katibi Əkrəm Quliyevin qazaxlıların ünvanına işlətdiyi təhqirə dözməyən Moşu Qurbanov ona sərt cavab verərək raykomu söymüşdür. Bundan sonra ona qarşı tələlər qurulmuş və bu qurama işlərin birində də Moşu Qurbanov şər-böhtana düşərək dörd ay günahsız, heç bir səbəb olmadan həbsdə qalır. Lakin onun günahsızlığını sübut etmək uzun çəkirdi. Bu anlarda onun ömür-gün yoldaşı, kişi qeyrətli, əsl türk xanımı Bəsti xanım bu işə ədalətlə baxılmayacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatına məktubla müraciət edərək beş uşağı ilə birgə Sovet vətəndaşlığından imtina edəcəyini birbaşa Mərkəzə yazmışdı. Ailələrinin haqsızlıqlarla üzləşdiyinə görə SSRİ Qadınlar Komitəsinin sədri Valentina Tereşkovaya da müraciət ünvanlamışdı. Məsələnin uzandığını görən Bəsti xanım işlə bağlı Bakıya gələrək birbaşa Dövlət Təhlükəsislik Komitəsinin sədri Ziya Yusifzadənin qəbuluna girmiş, oradan da birbaşa Azərbaycan Kommunist Partyası Mərkəzi Komitəsinin II katibi Yuri Puqaçovla görüşmüşdür. Yuri Puqaçov Bəsti xanıma bildirmişdir ki, “narahat olmayın hər şey yenidən araşdırılıb, məsələ birbaşa Heydər Əliyevin nəzarətindədir. Yaxın günlərdə həyat yoldaşınız həbsdən azad olunacaq”. Bəsti xanımın qətiyyəti nəticəsində Qara Moşunun günahsızlığı tez bir zamanda sübut olundu və o həbsdə qaldığı müddətin də maaşı ödənilmklə öz əvvəlki vəzifəsinə bərpa edildi. Moşu müəllimə tor qurub, şər-böhtan atanlar isə özləri qurduqları oyunların qurbanı olaraq həbs edildilər.

 

13553422_10207855733464800_1730576142_nMoşu müəllim həm də mütaliəni çox sevən bir ziyalı idi. O mərkəzi və respublika dövrü mətbuatının bir çox qəzet və jurnallarına abunə idi. Uşaqları ilə birgə bütün qəzet və jurnalları oxuyarmış. O, Azərbaycan ədəbiyyatından Nizamini, Vaqifi, Səməd Vurğunu daha çox sevirdi. Səməd Vurğunun “Komsomol” poemasını əzbərdən bilirdi.

Tarix müəllimi İmrayıl Alıyevin söylədiyi bir epizodu burada vermək yerinə düşərdi: “Bir dəfə Moşu Qurbanov evə zəng edərək “idarə”yə gəlməyimi xahiş etdi. Tez əynimi dəyişib evdən çıxdım. Sovxozun inzibati binasına çatanda şər qarışırdı. Axşamtərəfi olduğundan “idarə”nin həyətində çoxlu adam vardı. Hamısı direktordan alınacaq sabahkı “tapşırığa” gəlmişdilər. İkinci mərtəbəyə qalxıb Moşu müəllimin otağına yaxınlaşdım. Qapı açıq olsa da başıaşağı nəsə hesablayırdı. Yaxınlaşıb qapının yanını döyəcləyərək gəldiyimi bildirdim. Ayağa qalxaraq “gəl, gəl, ay Abbaoğlunun oğlu” dedi. İçəri girdim və əl tutub salamlaşdıq. Yer göstərdi, oturdum. Mənə atamdan danışmağa başladı. Dedi ki, sənin atan səxavətli kişi olub, mən onun yanında kalın boyunduruğunda, ulağın belində oturub əkində, biçində işləmişəm. Yoluoğlu Mansırı, Qayıboğlu Tapdığı, Şəmşioğlu Bakılını və məni daha çox istəyirdi. Çünki biz həmişə üz ağardan uşaqlar idik. Ona görə də həmişə bizə əmək bölgüsündə 2-3 çanaq artıq buğda, qarğıdalı və ya arpa verirdi. Biz də onu çox istəyirdik buna görə.

Mən də bu söhbətə maraqla qulaq asıb atam haqqında xoş sözlər dediyinə görə ona təşəkkür etdim. Sonra Moşu müəllim məni çağırmasının səbəbini aşağı tonda bildirəndə yerindən qalxıb otağın qapısını bağlamağa getdi. Gəlib yerində yox, mənimlə üzbəüz oturdu və dedi: “İmrayıl müəllim, sənin haqqında rayon Dövlət Təhlükəsizlik Komitəsi şöbəsində məlumat var. Deyirlər ki, uşaqlara sinifdə və sinifdənxaric dərslərdə Müsavat partiyasından, Türkiyədən, Məmmədəmin Rəsulzadədən danışır. Bu nə olan şeydir? Düzü mən onların cavabını verdim ki, o elə bir insandır ki, dövlətini, partiyanı sevən biridir. Amma, müəllim, od olmayan yerdən tüstü çıxmaz, nə məsələdir?”, dedi. Dedim ki, Moşu müəllim, siz düz demisiz mən Sovet vətəndaşı kimi həmişə dövlətimizə hörmətlə yanaşmışam. Belə şey ola bilməz. Sadəcə, mən Səməd Vurğunun “26-lar” poemasında Rəsulzadə haqqında yazılan yeri uşaqlara əzbərlətmişəm ki, o dövrdən xəbərləri olsun. Dedi “hansı hissədir ki o”? Başladım şeiri oxumağa.

İndi xəbər verim oxucuma mən,

O millət rəhbəri Rəsulzadədən.

Bu iki sətiri oxumuşdum ki, Moşu müəllim sözümü kəsib arxasını özü oxudu.

Toplayıb məscidə müsəlmanları,

Yağlı vədlərə tutub onları,

Türkiyəni çağıraq deyərək,

Kömək olsun qılınc çəkərək.

Parlasın mehri-hüriyyət,

Ucalsın göylərə şərəfi millət!!!

Oxuyub qurtarandan sonra yaşarmış gözlərini mənə dikdi və “Cümhuriyyət haqqında başqa nə bilirsənsə mənə danış dedi”. Düzü qarşılaşdığım mənzərədən donub qalmışdım. Bilmirdim bu haqda məlumatlar onda hardan idi. Mən də tələbə vaxtı Əbdüləzəl Dəmirçizdədən, İsmayıl Şıxlıdan, Əhəd Hüseynovdan və tələbə yoldaşım Yasin Qaraməmmədlidən gizlin olaraq öyrəndiyim və Səməd Vurğunun digər şeirlərində dolayı yollarla Azərbaycan Demokratik Cümhuriyyəti haqqında yazılan həqiqətləri ona danışdım. Dolmuş gözlərindən yaş axaraq “goruna qurban olum, ay Səməd Vurğun”, dedi. Mənə isə “ay İmrayıl, sən mənə dünyalar bəxş etdin bu gün. Sənin haqqında yuxarı yazan kimdirsə onu tapıb neytrallaşdıracağam. Sən isə çox ehtiyatlı ol. Hər itin-qurdun balasına danışma bunları” dedi. Mən də onun dedikləri ilə razılaşıb, təşəkkür edərək ayağa qalxıb otaqdan çıxmaq istəyəndə, qolumdan tutub “dayan, qoy gözlərimin nəmi qurusun” deyib başqa söhbətlər etdik. Mənimlə söhbəti hardasa iki saat çəkdi. Otaqdan çıxanda dəhlizdəki briqadirlərin, aqranomların, zootexniklərin maraqla mənə baxdığını gördüm…

Bax, Qara Moşu belə kişi idi. Ona görə də Qara Moşu onu sevənlərin qəlbində öz adına uyğun bir zirvə fəth etdi. Bu zirvə “Qara Moşu zirvəsi” idi…

Yusif Alı Afşar 

 

www.yenicag.az

2162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv