“ABŞ-ın neft statistikası “qara qızıl”ın bu cür sıçrayışla bahalaşmasına stimul yaratmır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında Brent markalı neftin qiymətində müşahidə olunan artım tendensiyasını şərh edən enerji məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib.
Ekspert hazırda neftin qiymətinin 71 dolları ötməsini qeyri-təbii proseslərlə əlaqələndirib. Onun fikrincə, hazırda neftin bahalaşması üçün fundamental əsaslar yoxdur:
“Neftin qiymətinin belə bahalaşması heç bir fundamental səbəblərə söykənmir. Ona görə də artıq bir neçə gündür ki, aparıcı neft şirkətlərinin rəhbərləri indiki qiymətlərin şişirdildiyini bəyan edirlər.
Davosdakı tədbirdə BP, “Lukoil” və digər iri şirkətlərin rəhbərləri də indiki qiymətlərin real olmadığını vurğulayaraq, neft ixrac edən ölkələri qiymətin süni şəkildə bahalaşmasına yol verməməyə çağırıblar. Çünki onlar da açıq görürlər ki, dünya neft bazarı “qara qızıl”ın qiymətinin artmasına köklənməyib.
Mövcud şəraitdə neftin qiymətinin yüksələn xətlə artması üçün münbit şərait yoxdur. ABŞ Energetika Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Enerji Departamenti ölkənin neft üzrə həftəlik statistika göstəricilərini açıqlayıb. Bu statistikadan da görünür ki, ABŞ-da son bir həftədə həm sutkalıq neft hasilatı, həm də benzin ehtiyatlarında kifayət qədər artım müşahidə edilib. Nəticədə ABŞ-da sutkalıq neft hasilatı artaraq 9,8 milyon bareli keçib.
Ən əsası odur ki, kommersiya ehtiyatlarında cüzi azalma var. Bu isə o deməkdir ki, ABŞ-ın neft statistikası “qara qızıl”ın bu cür sıçrayışla bahalaşmasına stimul yaratmır. Digər tərəfdən, neftin qiymətinin artması fonunda Avropa və Asiya bazarlarındakı neft emalı zavodlarında emal həddi kəskin şəkildə aşağı enib. Belə vəziyyət isə neftə olan tələbatı kəskin şəkildə azaldıb. Deməli, neftin qiymətinin artmasına heç bir səbəb yoxdur.
Bu, sadəcə bazar möhtəkirliyinin nəticəsidir. Yəni konkret desək, süni qiymət artımıdır. Ona görə də, bahalaşma tendensiyası uzun müddət davam etməyəcək. Bunun başqa nəticəsi yoxdur”.
ELÇİN