“Qarabağ”–“Ajax” oyununda gülən tərəf kim olacaq? – “Şansımız var”

“Avropa Liqasında üz-üzə gələn rəqiblərin hər birinin qol şansı olur, amma ondan maksimum yararlanmağı hər kəs bacarmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında idman jurnalisti Natiq Muxtarlı deyib.

Avropa Liqasının üçüncü turu çərçivəsində qarşı-qarşıya gələcək “Qarabağ”–“Ajax” matçını dəyərləndirən mütəxəssisin sözlərinə görə, burada bir məsələ aksiom kimi qəbul edilməlidir:

“Avropa Liqasında istənilən komanda istənilən rəqibə qalib də gələ, məğlub da ola bilər. Burada zəif rəqib yoxdur, o cümlədən “Qarabağ” da heç kimdən zəif deyil. Sadəcə belə qarşılaşmaları detallar həll edir. Oyun zamanında heyətdə çatışmazlıq var, yoxsa yox? Oyuna kim daha yaxşı hazırdır? Ələ düşən imkanlardan kim daha yaxşı yararlanacaq? Yəni Avropa Liqasında üz-üzə gələn rəqiblərin hər birinin qol şansı olur, amma ondan maksimum yararlanmağı hər kəs bacarmır. “Qarabağ”ın ən böyük problemi də budur”.

“Tottenham”lə oyunda nələr baş verdi? Londonluların azlıqda qalmasını da “Qarabağ” təşkil etmişdi. Məhz komandanın təzyiqi nəticəsində də o epizod yarandı. Amma sonra nə baş verdi? “Qarabağ” saysız-hesabsız qol imkanları əldə etdi, ancaq istifadə edə bilmədi. “Tottenham” isə belə deyək, heç nə yaratmasa da, əlinə düşən cüzi imkanlardan yararlandı.
Bax, problem də məhz budur “Qarabağ”da. Bu çatışmazlıq aradan qaldırılsa, “Qarabağ” istənilən rəqibə qalib gələ bilər, o cümlədən “Ajax”a da. Yox, alınmayacaqsa, məğlubiyyət qaçılmazdır; “Ajax” qarşısında da, “Malmö” qarşısında da”, – deyə o, əlavə edib.

N. Muxtarlı onu da diqqətə çatdırıb ki, Amsterdam təmsilçisi eniş dövrünü artıq arxada qoyub:

“İndi komanda yüksəlişdədir. Onlar “Beşiktaş” kimi komandanı darmadağın etdilər. “Ajax” indi həm “Eredivisie”də (Niderland çempionatı – red.), həm də avrokuboklarda sabit çıxış edir. Amma bu o demək deyil ki, “Qarabağ”ın şansı yoxdur. Əksinə, var, özü də kifayət qədər. Sadəcə, yaradılan imkanlardan yararlanmaq lazımdır”.

İsmayıl Bakuvi

COP29