!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ atları britaniyalıların qəlbini fəth edir - FOTO/VİDEO

!Reklam – Yazi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanı növbəti dəfə süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, onların milli geyimlərdə çıxışları xüsusilə fərqlənib.

Bu ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyəti xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya hazırlayıb. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqi təşkil edib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, xoreoqrafı əməkdar artist Fərid İbrahimovdur.

Milli musiqi alətləri tütək, zurna, balabanda ifa olunan “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi performanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb.

Altı dəqiqə davam edən şou müddətində süvarilərin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusi cəlb edib.

Şou-proqramı tədbir iştirakçıları coşqu ilə qarşılayıb. Tamaşaçılar ayağa qalxaraq Azərbaycan təmsilçilərini alqışlayıblar.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv