İyun ayının 9-da İstanbulda təşkil olunan və beşinci dəfə keçirilən Etnospor Mədəniyyət Festivalının açılışı olub.
Yenicag.az DSX-ya istinadən xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.
Festival çərçivəsində onun təşkilatçısı Dünya Etnospor Konfederasiyasının Prezidenti Bilal Ərdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev arasında görüş keçirilib, bu mədəniyyət festivalına dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq bildirilib, tanınmış heykəltaraşımız Hamlet Musayevin “Qarabağ ailəsi” adlı əsəri hədiyyə edilib.
Qarabağ atları üzərində təmsilçilərimizin festivalın açılış günündə nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.
4 gün ərzində keçiriləcək bu tədbirlərdə bir milyondan artıq insanın iştirakı gözlənilir.