!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ danışıqları hansı “nöqtə”də ilişib qalıb? – “Müharibə ehtimalı daha realdır” – Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Mövcud vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək imkanı qazanıb və bunu reallaşdırmağa çalışacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ danışıqlarının bərpa imkanlarını, o cümlədən, müharibənin yenidən alovlanması ehtimalını dəyərləndirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Qarabağ danışıqlarında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu yararsız quruma çevrilib:

“Minsk qrupunun həmsədrlərindən olan Rusiya bu münaqişənin həllində hər zaman qeyri-konstruktiv rol oynayıb. Son dövrlərdə oynadığı rol isə onun vasitəçilik fəaliyyətinə ciddi kölgə salıb. Ümumiyyətlə, bu 28 ildə münaqişənin həlli istiqamətində heç nəyə nail olmayan Minsk qrupu Azərbaycanın gözündən tamamilə düşüb”.

Politoloq vurğulayıb ki, yaranmış vəziyyətdə danışıqların bərpasından daha çox, müharibənin yenidən alovlanması aktualdır:

“Hər iki tərəf, xüsusilə də, Azərbaycan məsələnin hərbi yolla həlli üzərində ciddi düşünür. Azərbaycan irimiqyaslı hərbi təlimlər keçirir, Ordunun həm canlı qüvvə, həm də yeni silahlarla komplektləşdirlməsi sürətlə davam etdirilir. Bu gün Azərbaycan ordusu onun qarşısına qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətdədir.

Ermənistan da müharibə ritorikasından geniş istifadə etməyə başlayıb. Rusiyanın kəşfiyyat orqanları Azərbaycanın imkanlarını öyrənə bilir və bu haqda Ermənistanı məlumatlandırır. Eyni zamanda, Rusiya Ermənistanın silahlandırılmasında yaxından iştirak edir.

Məlum Tovuz döyüşlərinin gedişində Ermənistanla Rusiya arasında aviakörpü qurulub və bunun vasitəsilə ermənilərə silah-sursat çatdırılır. Göründüyü kimi, Rusiya da Ermənistanı müharibəyə hazırlayır. Hətta Rusiya mətbuatına çıxarılan bəzi generallar Ermənistanda yerləşən 102-ci hərbi bazanın döyüşlərə qoşula biləcəyini deyirlər. Bu, həm də psixoloji təsir vasitəsi olmaqla yanaşı, Rusiyanın Azərbaycana qarşı təxribatıdır.

Etiraf etmək lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri gün-gündən möhkəmlənir. Azərbaycan və Türkiyə orduları artıq sıx inteqrasiya şəraitindədir. Mövcud vəziyyətdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək imkanı qazanıb və bunu reallaşdırmağa çalışacaq”.

Səxavət Məmməd

www.yenicag.az

3261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv