“Qarabağ” dünya reytinqində ÖN SIRALARDA: Komandamız 14 pillə irəlilədi

“Uğuru əldə etmək, bəlli bir nöqtəyə gəlmək asan məsələdir, amma işin ən çətin tərəfi də həmin nöqtədə qalmaqdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın 14 pillə irəliləyərək, dünya reytinqində 39-cu yerə yüksəlməsi haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan klublarından heç biri “Qarabağ”ın əldə etdiyi nailiyyətə hələ ki çata biməyib.

“Hesab edirəm ki, “Qarabağ”da iş komanda şəklində illərdir ki gedir. Klub səviyyəsində bu ildən, bu sezondan açıq-aşkar inkişaf görsənir. Klub dedikdə, mən təbii ki akademiyanı nəzərdə tuturam. Amma buna qədər akademiyada o qədər də böyük inkişaf yox idi. Amma “Qarabağ” A komandası olaraq,  10 ilə yaxındır ki böyük işlər gördüyü açıq -aşkar görünür.  Düşünürəm ki,“Qarabağ”ı Azərbaycan futbolu səviyyəsindən bir qat üstə çıxardılar. Təbii ki, uğuru əldə etmək, bəlli bir nöqtəyə gəlmək asan məsələdir, amma işin ən çətin tərəfi də həmin nöqtədə qalmaqdır. Çünki hər zaman bunu sübut etməlisən. Düşünürəm ki, “Qarabağ”ın götürdüyü siyasət, onun ən önəmli olanı transfer siyasətidir. Çünki transferdə boşluqlar vermək olmaz”, – deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, bu xətti saxlamaqdan ötrü “Qarabağ”ın yenə də transferlərdə çox diqqətli olması lazım gələcək:

“Düzdür, zaman-zaman bəzi futbolçulardan gözlədiyimiz o performansı ala bilməsək də, amma bu, bütün dünyada belədir. Hətta dünyanın ən yaxşı-“Bavariya”, “Real Madrid”, “Barselona” kimi klublarda zaman-zaman problemlər yaşanıb. Gözləntilərin yüksək olsa da, oyunçu zədə və yaxud digər səbəblərdən öz potensialını aça bilmir və ona buraxılan maddiyyat özünü doğrultmur. Lakin ümumilikdə götürsək, bir çox futbolçu özünü doğruldub.

Düşünürəm ki, bu xətti saxlamaqdan ötrü “Qarabağ”ın yenə də transferlərdə çox diqqətli olması lazım gələcək. Artıq “Qarabağ” illərdir ki fiziki hazırlıqla bağlı çox yollar axtarmışdılar. Nəticədə son 4 ildə ona gəlib çıxa biliblər. Əgər bu səviyyədə oyun oynayırsansa, oyunçuları zədədən qorumaq həqiqətən böyük bir iş tələb edir. Çünki futbolçular təkcə daxili çempionatda deyil, bir çox “cəbhə”də – turnirdə oynamalı olurlar. Bu istiqamətdə komandada həddindən artıq çox yaxşı, keyfiyyətli işlər görülüb. Ona görə də komanda bu tempdə böyük turnirdə davam gətirə bilirlər”.

İsmayıl Bakuvi

COP29