Qarabağ erməniləri ilə görüşə qaçan Volkov: “Rusiya hərbçilərinin orada nəyə görə yerləşdirildiyi…” – RƏY

“Rusiya azərbaycanlıların torpaqlarını zorla alıb ermənilərə verməklə regionda böyük münaqişə ocağının əsasını qoydu”.

Bu fikirləri Laçın-Xankəndi yolunda artıq yarım aydır fasiləsiz etiraz aksiyası keçirən azərbaycanlı ictimai fəalların görüş tələbini yerinə yetirməyən Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkovun erməni separatçıları ilə görüşə getməyinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Rusiyanın ermənilərə münasibəti baxımından, general Volkovun bu davranışı təəccüblü deyil:

“Əslində, Qarabağda yerləşdirilmiş Rusiya hərbçilərinin oraya hansı məqsədlə göndərildiyi əvvəldən də məlum idi. Onların əsas məqsədi iki əsr əvvəl Qafqaza köçürdükləri, yerləşdirdikləri və onlara süni dövlət qurduqları erməniləri himayə etməkdir.

O zaman da Rusiya azərbaycanlıların torpaqlarını zorla alıb ermənilərə verməklə regionda böyük münaqişə ocağının əsasını qoydu. Azərbaycanlı aktivistlərlə görüşdən yayınan general Volkovun ermənilərin çağırışına operativ reaksiya verməsi də bu siyasətin bir tərkib hissəsidir və təəccüb doğurmamalıdır.

Ancaq mən nikbinəm və inanıram ki, Azərbaycan bu problemi də aradan qaldıracaq. Ən azı 44 günlük müharibə Azərbaycanın və Ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Fikrimcə, çox uzaq olmayan müddətdə bu məsələ də birdəfəlik həllini tapacaq”.

A.Zeynalov

COP29