Qarabağ evinin tavanı olan Şuşaya səfərdən notlar – Tənzilə Rüstəmxanlı yazır

Şuşaya səfər edəndə yolboyu ağlımda bir el bayatısı vardı. Dağıdılmış, viran qoyulmuş evləri gördükcə o bayatı beynimdə dolanırdı:

Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.
Xəzan oldum töküldüm
Viranə bağlar kimi.

Bu səfəri o qədər həyəcan və səbirsizliklə gözləyirdim ki, bir gün mütləq getmək istəyirdim. Çünki 30 illik bir mübarizənin nəticəsində böyük qələbə qazanılmışdı. Bu millətin könlünün, mədəniyyətinin paytaxtı Şuşa azad edilib, Qarabağ Azərbaycan olub. Qələbədən sonra Şuşaya səfər edib qayıdanları, o cümlədən Sabir bəyin təəssüratlarını dinləyəndə necə böyük sevgi ilə, ağız dolusu danışdıqlarını görürdüm. Mən də Şuşanı onların gözləri ilə görməyə çalışırdım.

Sonuncu dəfə Şuşa ermənilərin əsarətində olmamışdan əvvəl Qarabağda olmuşdum. Müharibə vaxtı da oraları qarış-qarış gəzmişdim. Füzuli ərazisindən keçəndə o gözəl şəhəri soruşmasam, yerini bilməyəcəkdim. Çox təəssüf ki, 30 il ərzində gözəl yurdlarımız viran qoyulub. Səfər zamanı gördüm ki, ermənilər tərəfindən dağıdılan evlərin içində ağaclar böyüyüb. Yəni 30 il bundan öncə bir tumurcuq olaraq torpağa atılanlar ağac olaraq artıq evin ortasında böyüyüb, boy atıb.

Səfər o qədər təsirli idi ki…

Amma o üzüntünün içində bir Şuşa həsrəti var idi. Viran edilmiş bağlar da, dağıdılmış yurdlar da bizimdir. Biz oraları abadlaşdıracaq, bərəkətli torpağa çevirəcəyik. Əminəm ki, işğaldan azad edilmiş şəhərlərimiz gözəlləşəcək. Ümidimin son anında Qarabağı ermənilərdən azad edən Ali Baş Komandanın “bütün bu şəhərləri dirçəldəcəyik,böyüdəcəyik” sözlərinə niyə inanmayım ki?! İçimdə böyük inam var…

Şuşa səfərinə gəlincə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutan səfərdə ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də var idi. Ədalət Vəliyev uzun illərdir tanıdığım bir insandır. Hələ Mədəniyyət Nazirliyində nazir müavini olanda dəfələrlə bizə yardım əlini uzadıb, tədbirlərimizdə Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsi üçün təşkil olunan simpoziumlar zamanı vəzifədə oturan türk düşmənlərinin səylərinə baxmayaraq, sarayların qapılarının üzümüzə açılmağına dəstək olub. Ədalət Vəliyevlə hər zaman söhbətlərimizdə Qarabağın azadlığının Türkiyə-Azərbaycan birliyindən keçdiyini vurğulayırdı. O, ölkənin siyasi iradəsinin və Ali Baş Komandanın Qarabağı azad edəcəyini dəfələrlə bildirirdi. Ədalət Vəliyev bizimlə eyni maşınında gedirdi və həmin maşında Sabir bəylə yanaşı, Mirmahmud Ağa, Sülhəddin Əkbər və YAP-ın sədr müavini var idi. Digər avtobuslarda isə heç vaxt bir araya gəlməyən, bir-birini bəyənməyən müxtəlif əqidəli siyasi partiya liderlərinin hamısı birlikdə Şuşaya qovuşmağa gedirdilər.

Səfərdə çox maraqlı söhbətlərimiz oldu, Şuşaya yaxınlaşdıqca, 44 günlük müharibədən sonra görülən böyük işlərin şahidi olurduq. Qələbəmizin 1 ili noyabr ayının 8-də tamam olacaq. Lakin bu bir il ərzində xeyli işlər görülüb, çox gözəl yollar çəkilib. Hiss olunur ki, Qarabağı abadlaşdırmaq üçün çox güclü alt yapı hazırlanıb. Bu işləri görəndə insanın duyğulanmaması mümkün deyil.

Hiss etdim ki, Şuşanın dumanlı havasında bu şəhəri fəth edən şəhidlərimizin ruhu dolaşır. Qəhrəman əsgərlərimiz Şuşanı azad etmək üçün necə çətin şərtlər altında o yolları gəliblər. Yolboyu sıldırım qayalardan keçdikcə, bunu düşünürdüm. İçimdə deyirdim ki, Şuşanın fatehləri doğrudan da qəhrəmandılar. Onların ürəyində Vətən sevgisi necə böyük imiş ki, çətin yolları aşıblar.

Nəhayət Şuşaya çatdıq. Və o anda hiss etdim ki, Azərbaycanın mədəniyyət paytaxtı olmuş Şuşaya səfər etmək tamam başqa duyğudur. Dağıdılan evlərlə yanaşı, abadlaşdırılmış yerləri də gördüm. Şuşada çox ciddi işlərin görüləcəyini bilirəm. Hansı ki, biz onun təməl daşlarını gördük. Şuşa səfərimiz məşhur Cıdır düzünün ziyarəti ilə başlamışdı. Daha sonra Vaqif türbəsini, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət etdik.

Şuşada olanda qayaların başından görünən Xankəndinə baxdıqca, bir daha içimə su sərpildi. Ermənilər bundan sonra heç nə edə bilməzlər. Şuşa artıq bizdədir. Qarabağ bir evdirsə, onun tavanı Şuşadır. Cənab Prezident öncə evin damını örtməyə, tavanını möhkəmləndirməyə çalışır. Xoş təəssüratlarla davam edən səfərdə uzun illər Şuşaya bir də Qarabağın azadlığı üçün çalışan Türkiyədəki Azərbaycan diasporasının nümayəndələrinin, o cümlədən Türkiyədə yaşayan azərbaycanlı aydınlarımızın gözü ilə baxdım. Çox istərdim ki, həmin şəxslərin Şuşaya getməsinə şərait yaradılsın. Bütün türk dünyası Qarabağa müqəddəs torpaq kimi yanaşır, işğaldan azad olunmasına uzun illər əsirlikdə olan övladın anasına qovuşması kimi baxır. İnanıram ki, bu cür səfərlər çox olacaq. Vacib olan odur ki, bir gün abad Qarabağın ərazisindən keçən insanlar vaxtında ermənilər tərəfindən dağıdılmış evlərin görüntülərinə mütləq baxsınlar. Onda görəcəklər ki, ermənilər hansı vəhşilikləri törədiblər. Əgər ermənilər daşa, divara bu qədər zülm edirlərsə, görün, insanlarımızın başına nə oyunlar açıblar. Azərbaycan isə bütün bu vəhşiliklərin cavabını,Qarabağı yenidən abad edərək verəcəkdir və ocağımız yenidən yanacaq. Mən buna çox inanıram…

Qarabağı Azərbaycana qovuşduran Orduya və bu Ordunun müzəffər Ali Baş Komandanına halal olsun.

Təşəkkürlər Cənab Prezident!..

Qeyd: Bunu da yazmasam, olmazdı. Şuşaya gedərkən, hava şəraitinə baxmadan bizimlə birlikdə addımlayan, Qarabağ həqiqətlərini dünyaya çatdıran başda qədim dostum Rauf Arifoğlu olmaqla media mənsublarına dərin təşəkkürümü bildirirəm.