“Qarabağ haqqında xəbər yazırsan, oxunmur” – Şakir Ağayev

Yenicag.az “Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin APA-ya müsahibəsini təqdim edir:

– Şakir müəllim, oktyabrın 1-də baş redaktoru olduğunuz “Yeni zaman” – “Novoe vremya” qəzetlərinin təsis olunmasının 20 ili tamam olur. Gəlin keçmişə qayıdaq: rus dilində qəzet təsis etmək ideyası hardan yaranmışdı?

– O vaxt biz “Yeni zaman” və “Novoe vremya” qəzetlərini təsis edəndə mətbuat o qədər siyasiləşmişdi ki, bir qrup yalnız iqtidar, digər qrup isə müxalifət mətbuatı idi. Demək olar ki, müstəqil mətbuat yox dərəcəsindəydi. Ortaq bir mövqe tutan, siyasi tapşırıqları yerinə yetirməyən, əsas məqsədi Azərbaycanın milli maraqları olan mətbuata çox böyük ehtiyac var idi. Xarici siyasətdə də yalnız bir xətt vardı. Müxalifət mətbuatı deyirdi ki, nicat Qərbdədir. Belə bir durumda biz həm rus, həm də Azərbaycan dillərində gündəlik çıxan mətbuat orqanı yaratmaq qərarına gəldik. Deyim ki, Azərbaycanda həm rus, həm də öz dilimizdə gündəlik çıxan ilk qəzet biz olmuşuq. Beləliklə, 1999-cu ilin oktyabrın 1-də qəzet lisenziya aldı, oktayabrın 9-da isə ilk sayı işıq üzü gördü. Bəlkə də Azərbaycan mətbuatında lisenziya veriləndən bir həftə sonra fəaliyyətə başlayan çox az qəzet tapılar, biz bunu etmişdik. İlk andan qarşımıza qoyduğumuz məqsəd bu oldu ki, bizim üçün nə müxalifət olacaq, nə də iqtidar. Bizim üçün Azərbaycanın problemləri, ilk növbədə isə Qarabağ problemi əsas olacaq. Beləcə, qısa müddətdə çox böyük oxucu kütləsi qazandıq. Bununla, xarici siyasətdə də yenilik elədik.

– Hansı yeniliyi nəzərdə tutursunuz?

– Biz ilk dəfə Azərbaycan cəmiyyətinə sübut elədik ki, Rusiya ilə əməkdaşlıq etmək olar və Rusiya ilə münasibətlərin normallaşmasında böyük rol oynadıq.

– Bayaq dediniz ki, nicat Qərbdə deyil. Belə başa düşdüm Sizin üçün nicat Rusiyadadır.

– Nicat Azərbaycanın özündədir. Ancaq xarici siyasətdə təkcə Qərbi tutmaq düzgün deyil. Biz deyirik ki, Rusiya da var. Azərbaycanın milli maraqları kiminlə üst-üstə düşürsə, onunla əməkdaşlıq etmək lazımdır. Əsas məqsəd o idi ki, Rusiya kimi böyük bir dövləti Azərbaycana qarşı qoymaq olmazdı. Tarixdə çox şey olub. Stereotiplərlə yaşamağa ehtiyac yoxdur. Deyək ki, Rusiya tarixən bizə nələrsə edib, indiki dövrdə bununla yaşamaq olmaz, gələcəyə yönəlmək lazımdır.

– Qəzetiniz 20 illik bir yol keçib. Baş redaktor kimi bu dövrü ümumilikdə necə qiymətləndirirsiniz?

– 20 ildə biz çox keşməkeşli yol qət eləmişik. Bu 20 ildə nə problemlərimiz olmayıb ki: tipoqrafiya, kağız, maliyyə və başqa problemlər… 2004-cü ildə maliyyə probleminə görə məcbur qalıb “Yeni zaman” qəzetinin çapını dayandırdıq və yalnız rus dilində qəzet çıxarmağa başladıq.

– İki dildə qəzet buraxan bir jurnalist kimi deyə bilərsinizmi, azərbaycandilli oxucu ilə rusdilli oxucu arasında hansı fərqlər var?

– Azərbaycandilli oxucunun çoxu mədəni qəzet istəmir; ya yalan yazmalısan, ya söyüş, ya da şantaj… Ona görə də “Yeni zaman”la “Novoe vremya” qəzetlərinin mövzuları tamamilə fərqli idi. Çox təəssüf hissi ilə qeyd edirəm ki, rusdilli oxucular daha diqqətli, daha səviyyəli və analitik təfəkkürü qəbul edən oxuculardır. Azərbaycandilli oxucu hansısa şou-biznes adamının soyunmağına, məişətinə maraq göstərir. Rusdilli oxucu üçün bu maraqlı deyil.

– Bu gün Sizin sayta belə bir xəbər getmişdi ki, Sergey Lazarevin uşağı olub və o, qızına çoxlu paltar alıb. Bu şou-biznes deyil?

– Görürsünüz, o yazıda kiminsə soyunmağından söhbət getmir. Biz şou-biznes xəbərinin səviyyəlisini veririk. Mən bunu yana-yana deyirəm. Bu gün Qarabağ haqqında xəbər yazırsan, oxunmur, şou-biznes yazılarının oxunması isə kəllə-çarxa çıxır.

– Rusdilli oxucular başqa nə oxumağı sevirlər?

– Analitik yazıları, təhlil yazılarını çox sevirlər. Bizi sevindirən odur ki, tutalım qəzet hansısa səbəbdən çıxmasa, oxucular dərhal redaksiyaya zəng vurub maraqlanırlar. 20 ildə bizim ən böyük qazancımız oxucularımızdır. Sabah “Novoe vremya” qəzetini ağappaq da buraxsaq, oxucu o qəzeti alacaq. Çünki bizim daimi oxucularımız var.

– Tirajınız nə qədərdir?

– Hazırda 3 min tirajla çıxırıq. Azərbaycanda fəaliyyət göstərən Rusiya, ABŞ, Türkiyə, İran, Qazaxıstan, Fransa, Almaniya, İsrail, Qətər səfirlikləri, Fələstin nümayəndəliyi və başqa diplomatik nümayəndəliklər, bir sözlə 23 beynəlxalq təşkilat və səfirlik bizim qəzetə abunədir. Bunun özü böyük göstəricidir. Onu da qeyd edim ki, hazırda onlayn medianın daha geniş vüsət alması, qəzetin tirajının azalmasına istər-istəməz təsir göstərir.

– Hədəf kütləniz kimlərdir?

– Bizim oxucularımız daha çox ziyalılardır. Gənclər arasında da oxucularımız var. Mənə elə gəlir ki, biz öz hədəfimizə çatmışıq. Biz bilirik ki, hər gün 1000-1500 daimi oxucumuz var. Baxmayaraq ki, hazırda klassik media ağır dövrünü yaşayır, onlayn media ona mane olur, bununla belə, oxucularımız kifayət qədərdir. Düzdür, mən onlayn medianı qəbul etmirəm, istənilən onlayn medianın arxivi 10 dəqiqəyə itə bilər. Ancaq klassik medianın arxivi yüz illər boyu qalır.

– Rusiyada çap olunan bir çox qəzet Azərbaycana gəlir. Bəs, bizim qəzetlər necə, Rusiyaya göndərilirmi?

– Çox təəssüf ki, belə bir sistem Azərbaycanda qurulmayıb, ona görə də biz Rusiyada və ya başqa ölkələrdəki oxucularımıza qəzet göndərə bilmirik. Mənim özümə Rusiyanın on regionundan abunə yazılmaq üçün müraciət olunub. Təəssüf ki, biz ora qəzet göndərə bilmirik, məcburən PDF formatında yollayırıq. Google statistikasına görə isə hər ay 157 ölkədən bizim sayta baxış olur.

– Rusiya mətbuatı ilə əlaqələriniz necədir?

– Bizim bir çox Rusiya KİV-i ilə güclü əlaqələrimiz var. Biz onlardan material götürürük, onlar bizdən materiallardan istifadə edirlər. Tam əminliklə deyirəm ki, bizim sayt Rusiya Xarici İşlər Nazirliyində, Rusiya Dövlət Dumasında, Rusiya Prezident Administrasiyasında oxunur. Mən bunu Rusiyada iştirak etdiyim tədbirlərdə onların öz dilindən eşitmişəm. Bundan başqa, biz Azərbaycanda Rusiya icması ilə daim təmasdayıq.

– Qəzetinizdə Rusiya ilə bağlı tənqidlər də verirsiniz?

– Təbii ki, istər Rusiyanın xarici siyasəti, ələlxüsus Qarabağ məsələsi ilə bağlı olsun, istər Rusiyanın daxili siyasəti ilə bağlı olsun, tənqid veririk. Bir halda ki, Ermənistan BMT tərəfindən də işğalçı ölkə kimi tanınır, ona görə də istəyirik ki, Qərb, Amerika, eləcə də Rusiya Ermənistanı işğalçı kimi tanısın. Bu gün hegemon dövlətlər işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoymur. İşğalçı ermənilərlə Azərbaycanı eyni statusda kompromisə çağırırlar. Azərbaycanın ən böyük kompromisi işğalçı Ermənistanla 25 ildir bir masada oturub danışıq aparmasıdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək bir şey istəyir: torpaqlarımızın işğaldan azad edilməsi. Orda yaşayan ermənilərə ən yüksək status vəd edir və tam toxunulmazlığına təminat verir. ABŞ-ın, Qərbin ikili standartlarına başqa bir nümunə deyim: Krım məsələsində Amerika Birləşmiş Ştatları, Avropa Birliyi Rusiyaya nə qədər sanksiya tətbiq elədi! O zaman Rusiya kimi hegemon dövlətə sanksiya tətbiq edən dövlətlər niyə kiçik Ermənistana sanksiya tətbiq etmirlər? Rusiya kimi nəhəng dövlətə sanksiya qoyurlarsa, Ermənistanın nəyindən çəkinirlər? Hanı Qərbin, hanı ABŞ-ın ədaləti? Bu bizə qarşı ikili standart deyil, bəs nədir? Niyə ABŞ özündən 10 min km uzaqda yerləşən terrorçuları milli maraqlarına təhlükə sayıb, heç bir BMT qərarı olmadan, heç bir beynəlxalq hüquqa məhəl qoymadan hərbi müdaxilə edib məhv edir, amma Azərbaycan öz ərazisini işğal edən terrorçu separatçıları məhv etməməlidir? Axı bu bizim haqqımızdır.

– Belə başa düşdüm ki, Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyirsiniz. Bu isə Ermənistanın işğalına hardasa haqq qazandırmış olur.

– Mən heç bir ilhaqı qəbul etmirəm və müdafiə də etmirəm. Sadəcə, Krımla Qarabağ məsələsini eyniləşdirmək istəmirəm. Qarabağ bizim tarixi torpağımızdır. Krım isə əvvəldən nə Türkiyə, nə də Rusiyanın olub, Osmanlı imperiyası Krımı alıb, 1768-ci ildə isə Osmanlı Rusiyaya müharibə elan edib. 1770-ci il Larqa və Kaqul döyüşlərində, eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub olub. 1774-cü ildə hər iki dövlət arasında Kiçik Qaynarca sülh müqaviləsi bağlanıb və Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil olub. 1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək “Tavrida” adı ilə özünə birləşdirib, yəni Osmanlı o torpaqları Rusiyaya uduzub. Sovet dövründə isə Xruşşov heç bir hüquqi sənəd olmadan Krımı Ukraynaya verib. Krım camaatı isə referendum keçirib Rusiyaya birləşməyi seçdi. Əksinə mən düşünürəm ki, biz bu situasiyadan istifadə edib hücum etməli, tarixi torpağımız olan Qarabağı geri almalıyıq.

– XXI əsrdə başqa bir dövlətin ərazisinə girmək nə dərəcədə doğrudur?

– Rusiya oranı hərbi yolla almayıb axı, heç atışma olmayıb. Rusiya Krımda referendum keçirdi, onun nəticəsində Krım Rusiyaya birləşdi. Hər şeydən əvvəl onu deyim ki, mən qəti şəkildə separatçılığın əleyhinəyəm, sadəcə, bunun əsasını ABŞ Kosovada qoyub. ABŞ Kosovanı tanıyıb, president yaradanda Rusiya da bu addımı atmalı idi. Onu da qeyd edim ki, Kosovanı heç BMT tanımayıb. Bilirsiniz, bütün separatizmlərə, bütün münaqişələrə böyük dövlətlər tərəfində ədalət prinsipi ilə yanaşılmalıdır.

– Qarabağ haqqında yazılara görə ermənilər tərəfindən hər hansı bir təqiblərə rast gəlmisinizmi?

– Təxminən 12-13 il qabaq qəzetimizdə “Erməni terrorizmi dünya terrorizminin tərkib hissəsi kimi” silsilə yazılar getmişdi. O yazılarda “Asala”, “Qnçak” və “Daşnaksutyun” terror təşkilatları tərəfindən dünyada və Azərbaycanda törədilən hər bir terror hadisəsi haqqında məlumat verilmişdi. O yazılardan sonra mənə təhdid dolu nə qədər məktublar gəldi. Siz biləsiniz ermənilər mənə nələr yazırdılar. Mən o məktubların heç birini çap etməmişəm. Çünki mən qarabağlıyam. Bir qarabağlı kimi erməni terrorizmini dünyada ifşa etmək isə mənim borcumdur.

– Şakir bəy, qəzetinizin hazırda hansı çətinlikləri var?

– Azərbaycan mətbuatının ən böyük çətinliyi reklam bazarının olmamasıdır. Bütün dünyada qəzetlərin gəlirlərinin 70 faizi reklamdandır. Qalan 30 faiz isə satışdan olur. Bizim qəzetimizin satışı kifayət qədərdir. Mən bunu əminliklə deyirəm. Bundan başqa, qəzet köşklərində çalışanların qəzetlə yaxından-uzaqdan əlaqələri yoxdur. Bu da çox ciddi problemdir. Başqa bir məsələni də deyim – mən bunu Rusiyada görmüşəm – otellər qəzetlərə abunə yazılırlar və bu qəzetləri qonaqlara pulsuz paylayırlar. Bu təcrübənin özü qəzet satışına xeyli təsir edə bilər. Rusiyada hətta, elitar restoranlarda belə qəzet stellajları düzülüb. Kim istəyir götürüb apara bilir, stellajda qəzet boşaldıqca da yerinə yenisi qoyulur. Bizdə bu təcrübəni də həyata keçirmək mümkündür. Eləmirlər. Ümumiyyətlə, qəzetə məcburi abunə yazılmaq ənənəsindən imtina etmək lazımdır. Onda artıq rəqabət yaranacaq, hansı qəzet oxunursa, o qəzet də qalacaq.

– Bizdə rusdilli media kifayət qədərdir, bu rəqabət mühitinə davam gətirmək çətin deyil?

– Biz rəqabətdən qorxmuruq. Mən bayaq dedim, bizim daimi oxucularımız, başqa media orqanlarından fərqli olaraq öz yolumuz, öz dəsti-xəttimiz var.

– Son illər rus dilinə maraq xeyli artıb. Yəqin bu, qəzetin satışına da təsirsiz ötüşmür.

– Əlbəttə təsir edir. Mən psevdopatriotizmi nə sevirəm, nə də qəbul edirəm. Amma bəzi adamların rus dili barədə səs-küy qaldırmaqlarını da bəyənmirəm. Birincisi, rus dili Azərbaycan dilini üstələyə bilməz. Çünki bu ölkənin rəsmi dili Azərbaycan dilidir və bütün yazışmalar da bu dildə aparılır. Hər bir rusdilli belə Azərbaycan dilini bilməlidir. Sadəcə, hansısa dairələr bu cür səs-küy qaldırmaqda maraqlıdırlar. Odur ki, bu dilin Azərbaycanda inkişafı hesab eləmirəm ki, təhlükəli olsun. Təbii ki, rus dilinin belə yayılması rusdilli oxucuların sayının artmasına da kömək edir. Bizim xalqımızın Rusiya ilə təması sıx olduğuna görə rus dilini bilməyimiz də faydalıdır. Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycanlıların da ən çox getdikləri, işlədikləri ölkə Rusiyadır. Biz dünyada bizə qarşı aparılan informasiya müharibəsində də rus dilinin üstünlüyündən istifadə edib öz haqq səsimizi dünyaya çatdırmalıyıq. Yaddan çıxartmayaq ki, dünyada 380 milyon insan rus dilində danışır. Bu da sirr deyil ki, rus dilində yayılan materiallar dünyada daha çox oxunur.

– Özünüz qəzetə məqalələr yazırsınız?

– Əvvəllər yazırdım. İndi yazmıram. Mən, ümumiyyətlə, baş redaktorun qəzetə yazı yazmağını qəbul etmirəm. Baş redaktor hər şeydən əvvəl təşkilatçı olmalıdır. Bu qabiliyyətim olmasaydı, yəqin “Novoe vremya” da 20 il yaşamazdı.

– Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Təbii ki, qəzetlərin hazırda mövcudluğunu davam etdirməsində KİV DF-in rolu danılmazdır. KİV DF sayəsində kütləvi informasiya vasitələri yaşamağa davam elədi, biz də onun yaratdığı bu fürsətdən yararlanırıq. Deyim ki, bu həm də bizim haqqımızdır. Qəzetimizin yaşamasında əlbəttə yardımın da çox böyük önəmi var. Bütün bunlarla bərabər, mənim ən böyük arzum qəzetin özü-özünü təmin edə bilməsidir. Bax, onda siz dediyiniz mətbuata sahib ola bilərik.

– “Novoe vremya”nın gələcəyi haqqında nə arzularınız var?

– Bir arzum da var. Düzdür, yeri gəldi-gəlmədi hamı tez-tez deyir ki, gələn ili Qarabağda qeyd edək. Ancaq həqiqətən mənim həyatda ən böyük arzum budur ki, Ağdama, Şuşaya, Laçına, Kəlbəcər, bir sözlə işğal altındakı bütün torpaqlarımız azad olunsun, mən Qarabağ bölgəsində böyük bir media qrupu yaradım və fəaliyyətimi orda davam etdirim. Təki alınsın, mən Qarabağın ən ucqar kəndində də qəzet buraxmağa hazıram.

COP29