“Qarabağ” keçmişinə dönür: İbrahim Şehiç transfer olunur

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” heyəti gücləndirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, ağdamlılar ilk öncə daha bir qapıçının transferini həll etməyə çalışır.

İndiyədək Vaqner da Silva və Şahruddin Məhəmmədəliyevlə kifayətlənmiş “Qarabağ”, daha bir qolkiperə ehtiyac duyur. Vaqnerin sabit olmamasından narahat qalan baş məşqçi Qurban Qurbanov 3-cü qapıçının da əcnəbi olmasını istəyir.

İndiyədək bir neçə əlcək sahibiylə danışıq aparan, lakin heç birinin Azərbaycana gəlişinə nail ola bilməyən “Qarabağ” keçmişə dönmək qərarına gəlib. “Transfer pəncərəsi” bağlanana kimi İbrahim Şehiçin Ağdam klubuna dönüşü rəsmiləşməlidir. Futbolçunun özü ilə razılıq çoxdan əldə edilib, klubun son qərarı verməsi yubanırdı. Artıq “Ərzurumspor” da Bosniya və Hersoqovina millisinin üzvünü ölkəmizə göndərməyin əleyhinə deyil.

Bəzi ərəb klublarının da istədiyi Şehiçin özünün “Qarabağ”da oynamaq istəməsi məsələdə həlledici olub. Türkiyə klubu 1 il öncə ağdamlılardan qopardığı İbrahimin gedişinə icazə verib. Transferin tezliklə, ola bilsin, yaxın saatlarda açıqlanması gözlənilir.

5 il ölkəmizdə “çərçivə” qorumuş Şehiç “Qarabağ”ın son transferi olmayacaq. Ağdamlılar daha bir yarımmüdafiəçi və mərkəz müdafiəçisi almağı da düşünür./futbolinfo.az/