“Köhlən atlar” istənilən komanda ilə başabaş mübarizə apara bilərlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Qarabağ”-“Ludoqorets” matçını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, rəqib ciddi komandadır:
“Ludoqorets” təqdimata ehtiyacı olmayan komandadır. Bir neçə ildir ki, Avrokuboklarda sabit çıxış edirlər, qrup mərhələsində olurlar. Deməli, ciddi komandadır. Amma “Qarabağ” da artıq Avropada öz sözünü deyib. Ona görə də, hansısa komandadan çəkinəcəyi yoxdur. “Köhlən atlar” istənilən komanda ilə başabaş mübarizə apara bilərlər. “Ludoqorets” əvvəlki iki mərhələni eyni ssenari ilə keçib: Evdə qələbə qazanıb, səfərdə məğlub olub. Yəni “Ludoqorets” sırf ev komandasıdır”.
N.Muxtarlı qeyd edib ki, “Qarabağ”ın hücum potensialı onların müdafiəsini yarmağa qadirdir:
“Böyük ehtimalla, Bakıda ultramüdafiə sisteminə üstünlük verəcəklər, qol buraxmamağa çalışacaqlar. Amma düşünürəm ki, “Qarabağ”ın hücum potensialı onların müdafiəsini yarmağa qadirdir. “Qarabağ” Bakıda qalib gəlsə, Bolqarıstandakı oyun daha asan olacaq. Çünki “Ludoqorets” öz meydanında müdafiədən çıxmağa məcbur olacaq. Belə olanda “Qarabağ” daha geniş zonalar qazanacaq. Bu da “köhlən atlar”ın işinə yarayacaq. Amma bunun üçün əvvəlcə Bakıda qalib gəlmək lazımdır. Öz meydanımızda top buraxmamaq da önəmli amildir. Müdafiədə diqqətli, hücumda öldürücü olmaq lazımdır. “Ludoqorets” nə qədər sıx müdafiə olunsa da, “Qarabağ”ın qol şansları olacaq. Onlardan maksimum yararlansaq, Bolqarıstana rahat yollanmaq olar”.
İsmayıl Bakuvi