Qarabağ məsələsinin həlli, Laçın dəhlizinə nəzarət – “Ruslar razı olmasa da, başqa yolumuz yoxdur”  – RƏY

“Ruslar buna razı olsalar da, olmasalar da Laçın dəhlizinə nəzarəti ələ alıb postlar qurmalıyıq, başqa yolumuz yoxdur”.

Bunu Qarabağda atəşkəsin pozulmasının rutin hala gəlməsini və Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, sülhdən daha vacib Qarabağ məsələsini həll etməkdir:

“Atalar deyib, əvvəl evin içi, sonra çölü. Əvvəldən demişik ki, öncə daxildəki məsələsini həll etməliyik, sonra keçməliyik sülh prosesinə. Çox təəssüf ki, xarici güclərin, birinci növbədə də Rusiyanın diqtəsi və yaxud təhriki ilə sərhəddə münaqişə yarandı. Azərbaycan müəyyən mövqelər əldə etsə də, qarşı tərəf informasiya savaşı üçün bundan yararlandı. Avropa institutları, beynəlxalq aləmin Azərbaycana qarşı müəyyən təzyiqləri oldu. Düzdür, bu məsələ BMT məclisinə qədər gedib çıxmadı. Bundan istifadə edərək erməni tərəfi Qarabağda əvvəlkindən daha çox həyasız mövqe sərgiləməyə başladılar. Görünən budur ki, Qarabağda yaraqlıların sayı artıb.

Mina məsələsi ilə bağlı yoxlamalar keçirildi, maraqlı tərəflərə minaların hansı tarixdə və harada istehsal olunması göstərildi. Məsələ tək mina da deyil. Qarabağa silah, sursat, hərbi texnika və yaraqlılar gəlir. Onların sayı əvvəl 3-5 min deyilirdi, indi 10 mini aşıb. Təbii ki, bu gələnlər də orada boş-boş oturmayacaq. Təkcə mövqelərimizə atəş açmayacaqlar. Azərbaycanla danışığa gəlmək istəyən yerli əhalini 30 il ərzində olduğu kimi eyni taktika ilə qorxudurlar. Atəşkəsin pozulması öncə Azərbaycana, ora köçmək istəyən yerli əhaliyə bir işarədir, həmçinin orada yaşayan əhaliyə də işarədir ki, birdən kimsə Azərbaycanla anlaşar. Nə qədər ki, orada silahılar, qeyri-qanuni silahlı dəstələr olacaqlarsa, içəridə yaşayan ermənilərlə anlaşa biləcəyimiz sual altına düşəcək.

Azərbaycanda nədənsə Ruben Vardanyanı daha çox ön plana çıxarırlar. Ancaq məsələ tək Vardanyan deyil. Ermənistan xarici siyasətində olduqca önəmli şəxslərdən biri olmuş Vardan Oskanyan belə bu gün qondarma qurumun xarici işlər naziridir. Bu onu göstərir ki, heç nə bitməyib, məsələ gündəmdədir. Onlar mesaj verir ki, varıq, istəklərimizdən geri çəkilməmişik.

Azərbaycan üçüncü Qarabağ müharibəsi edib onların hamısını oradan çıxarsa, dünyada Azərbaycana qarşı böyük basqı yarana bilər. Bu vaxta qədər etdiyimiz şey davam etməlidir. Terrorçuların zərərsizləşdirilməsi prosesi getməlidir. Tərəflər arasında Rusiya hərbçiləri yer alır. Bu vaxta qədər müəyyən təcrübəmiz var, ruslarla anlaşaraq müəyyən məsələləri həll edə bilmişik.

Bundan əlavə sərhəd qoşunlarımız Laçın dəhlizinə nəzarəti ələ almalıdır. Laçın dəhlizinə nəzarəti bərpa edən kimi məsələ öz həllini tapacaq. Erməni tərəfi diqqətə çatdırır ki, guya Laçın dəhlizinin açıq qalması barədə öhdəlik götürmüşük. Məsələ ondadır ki, həmin dəhlizin təhlükəsizliyinə zəmanət vermişik. Ancaq “maneəsiz” sözü orada yoxdur. Buna baxmayaraq, Zəngəzur dəhlizində həm təhlükəsizlik, həm də maneəsiz gediş-gəliş sözü var və Ermənistan tərəfi bunu öz üzərinə götürüb. Ancaq bu günə qədər də buna əməl etmir. Azərbaycan isə buna əməl edir. “Maneəsiz” sözü olmasa da, təhlükəsizliyə qarantiya vermişik və bu günə qədər bir dəfə də olsun orada atəş açılmayıb, heç bir nəqliyyat vasitəsinə zərər yetirməmişik. Laçın dəhlizi ilə bağlı üçtərəfli bəyanatdakı bənddə “maneəsiz” sözü olmadığına görə orada öz postlarımızı qura bilərik. Necə ki, Eyvazlı kəndində bunu etmişdik. Ruslar buna razı olsalar da, olmasalar da bunu etməliyik, başqa yolumuz yoxdur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət də buna normal yanaşacaq. Çünki Azərbaycan yolu kəsməyəcək, sadəcə olaraq yolun, orada yaşayan erməni əhalisinin təhlükəsizliyi üçün nəzarəti ələ keçirəcək”.

Səxavət Məmməd