“Müraciətə baxılması üçün həmin tarixin seçilməsi əslində, mitinqin qadağa olunması deməkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında noyabrın 24-nə təyin olunmuş Qarabağ mitinqinin təxirə salınmasının səbəblərinə toxunan Qarabağ Komitəsinin üzvü, Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslının sözlərinə görə, Qarabağ Komitəsi mitinqin təxirə salınmaması üçün əlindən gələni edib:
“Bakı Şəhər İcra Hakimiyyəti əsassız olaraq, 23 gün öncədən mitinqin keçirilməsinə icazə verməmişdi. Qarabağ Komitəsi də vaxtın çox olduğunu nəzərə alaraq, BŞİH-nin qərarını ləğv etdirmək üçün məhkəməyə üz tutdu.
Məhkəməyə edilən müraciətə baxılma müddəti qanunla 2 gün müəyyən edilib. Yəni iki gün ərzində müraciətə baxılmalı və qərar verilməlidir. Ancaq hakimin qərarına əsasən, bizim müraciətimizə dekabrın 7-də baxılacaq.
Müraciətə baxılması üçün həmin tarixin seçilməsi əslində, mitinqin qadağa olunması deməkdir. Vaxtın çox uzadılması ilə bağlı şikayət versək də, təəssüf ki, bu müraciətə də məhəl qoyulmadı.
Biz son ana qədər mitinqin keçirilməsi üçün cəhd göstərdik, ancaq faktik olaraq, mitinq qadağan edildi”.
Tural Abbaslı qeyd edib ki, Qarabağ Komitəsi müəyyən müzakirələrdən sonra növbəti mitinqin vaxtını elan edəcək.
Səxavət Məmməd