“Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi” – Ərdoğan

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərdi”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda bildirib.

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanların itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qovuşmasının sevincini də ürəklərimizdə hiss etdik”,  – R.T.Ərdoğanın forum iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

R.T.Ərdoğan 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər münasibətilə növbəti dəfə Azərbaycan xalqını təbrik edib:

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbdən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirməli, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.