“Bunu söyləmək nə qədər ağır olsa da, “Neftçi” bu cür “yoxlama” rəqib kimi ən yaxşı variantdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında avrokuboklarqabağı “Qarabağ”ın “Neftçi” ilə keçirəcəyi oyun barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.
O qeyd edib ki, axşam Azərbaycan derbisi var. “Həmişə deyirik ki, turnir cədvəlindəki yerindən asılı olmayaraq, bu rəqiblərin istənilən qarşılaşması diqqət mərkəzində olur. Bu da təbiidir. Ölkənin iki ən titullu komandası üz-üzə gəlirsə, cari duruma baxmaq olmaz.
“Qarabağ”la “Neftçi” qarşılaşır! Ad elə afişadır. O ayrı söhbətin mövzusudur ki, hazırda “Neftçi” I Liqa səviyyəsinə düşüb, performansı yüngül desək, ürəkaçan deyil. Komandada, klubda o qədər problem var ki, danışmağa illər yetməz. Canlı meyitdir “Neftçi”… Hər halda, bu günlük bu cari durumu kənara ata bilərik, çünki start fiti çalınandan sonra bu məsələlər ikinci plana keçir. Keçməlidir. Favorit isə bəllidir. “Qarabağ”ın qələbə qazanacağı o qədər aşkardır ki, artıq nəticəni yox, onun necə əldə ediləcəyi müzakirə mövzusudur”, – deyə o əlavə edib.
K.Məstəliyev bildirib ki, “Qarabağ” gələn həftə ağır “Tottenhem” səfərinə yollanır: ““Neftçi” ilə matç sınaq xarakteri daşıyacaq. Burda iki variant var. Birincisi, zədədən qaçmaq və oyunçuları yormamaq üçün nisbi əsas heyətlə oynamaqdır. Bu, ilk baxışdan məntiqli görünür, çünki əsas-ehtiyat qarışıq heyətlə də bakılıları yenmək olar. Ancaq ikinci variant mənə daha məntiqli görünür. Qurban Qurbanov mütəmadi olaraq gileylənir ki, əsas heyət oyunçularından ibarət start heyətini ancaq avrokuboklarda “yoxlaya” bilir. Daxildə isə bəzən bir, bəzən də digər yarısına şans verib, tonusda saxlamağa məcburdur. “Tottenhem” səfərində isə komanda tam hazır olmalı, anlaşma maksimal səviyyədə olmalıdır. Bunu gerçəkləşdirmək üçün isə yüksək tempdə bir yoxlama matçı lazımdır. Bu cümləni yazmaq nə dərəcədə ağır olsa da, “Neftçi” bu cür “yoxlama” rəqib kimi ən yaxşı variantdır. Qalib gəlmək istəyəcək, gərginlik, ajiotaj olacaq.
Ona görə də “Qarabağ” bu matça ən optimal heyətlə çıxa, təxminən 60 dəqiqə ortaya maksimal temp qoya, London səfərində həyata keçirmək istədiyi bəzi gedişləri sınaya bilər. Məncə məhz belə də olacaq. Hə, 60 dəqiqə maksimal oynayan “Qarabağ”a qarşı “Neftçi”nin hansısa əks planı varmı? Olmamış olmaz, amma ağdamlılar bu cür oynasalar, hesab faciəvi ola bilər. Təxmin etmək belə istəmirəm. Hər halda, qarşılaşma çox maraqlı keçəcək. Həm meydanda yaxşı futbol görəcəyik, həm də ondan kənarda ajiotaj ən yüksək həddə olacaq. Mütləq izləyin. Gələ bilirsizsə tribunadan, bilmirsizsə televizor qarşısında.
Nə olursa-olsun, bu, Azərbaycan derbisidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi