Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayıb.
Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə Sloveniyanın “Olimpiya” komandası ilə üz-üzə gəlib.
Lyublyanadakı “Stojitse” stadionunda keçirilən qarşılaşmaya Lourens Visserin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası təyinat alıb.
“Qarabağ” Çempionlar Liqasının formatı dəyişdiyinə görə, ilk dəfə I təsnifat mərhələsində çıxış edir. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Ağdam klubu ilk sədləri uğurla keçə bilib.
Yay fasiləsində 11 futbolçu ilə vidalaşan “Qarabağ” heyətini 6 yeni oyunçu ilə gücləndirib. İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayıran komanda 2 yeni qapıçı transfer edib. Son ölkə çempionu Tor Hannes Haldorsson və Vaqner Da Silvanı heyətinə qatıb.
Ağdam klubu həmçinin müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçilər Abdullah Zubir, Simoen Slavçev və Filip Ozobiçi komandaya cəlb edib.
Bu qarşılaşma “Olimpiya”nın baş məşqçisi İliya Stolitsanın ilk rəsmi oyunu olub. 39 yaşlı mütəxəssis iyundan komandaya rəhbərlik edir.
Lyublyana təmsilçisi heyətinə 4 yeni oyunçu cəlb edib. Komanda Marko Putintsa, Andriya Kaluceroviç, Haris Kadriç və Matiç Çrniçinin transferlərini reallaşdırıb. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya “Riyeka”sına icarəyə verib.
Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolu komandamızın haitili legioneri Donald Gerrye vurub.
Çempionlar Liqası, I təsnifat mərhələsi
11 iyul
22:00 “Olimpiya” (Sloveniya) – “Qarabağ” (AZƏRBAYCAN) 0:1
Qol: Donald Gerrye, 79.
Hakimlər: Lourens Visser, Karel De Rokker, Jo de Veirdt, Bram Van Dressxe (hamısı Belçika)
Lyublyana, “Stojitse” stadionu.