“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, mərkəzi görüşdə “Qarabağ” “Qəbələ”nin qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 31-ci dəqiqədə meydan sahiblərindən İsnik Alimi açıb. Lakin əyalət klubunun sevinci cəmi 7 dəqiqə davam edib. 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən “köhlən atlar”ın hücumçusu Ramil Şeydayev hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın 2-ci qolunu vurub. Oyunda son nöqtəni isə Şeydayev qoyub. 27 yaşlı forvard bu dəfə də 11 metrlik cərimə zərbəsini boşa verməyib.

Bu qələbə ilə xallarını 65-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. 32 xalı olan “Qəbələ” isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 2:2. “Sumqayıt” “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib./Report/