!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ üçün daha bir gözlənti: Ərdoğan-Putin görüşü nəticə verəcəkmi?

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün Ankara ciddi təşəbbüslə çıxış edəcək: “Cənab Putinlə məsələni şəxsən müzakirə edəcəm, çünki həqiqətən bu işlə məşğul olunarsa, nəticə əldə etmək asanlaşar. Əlbəttə ki, bu sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək”.

Bu fonda Türkiyənin istəyi və təsiri ilə Moskva konfliktin həllində Azərbaycanın maraqlarına uyğun addımlar ata bilərmi?

Məsələni Yenicag.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Ərdoğanın Putinlə görüşdə şəxsən Qarabağ məsələsini müzakirə etməsi fonunda konfliktin həlli istiqamətində müəyyən münbit şərait yarana bilər:

“Son zamanlar bildiyiniz kimi, Azərbaycan-Rusiya münasibətlərində istiləşmə tendensiyası daha da artıb. Bu nöqteyi-nəzərdən Tehranda keçirilən görüş xüsusilə əhəmiyyətlidir. Buna paralel olaraq, Türkiyə prezidenti Ərdoğanın yaxın günlərdə Rusiya prezidenti Putinlə görüşü gözlənilir. Həmin görüş ərəfəsi Ərdoğan qeyd edib ki, Putinlə təmasda əsas diqqət mərkəzində saxlayacağı məsələlərdən biri də məhz Dağlıq Qarabağ problemi olacaq. Beləliklə, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət tendensiya, eyni zamanda, Ankara ilə Moskva arasındakı əlaqələrdəki məlum proseslər fonunda konfliktlə bağlı məsələdə müəyyən irəliləyişlərin olması üçün münbit şərait yarada bilər. Həmin görüşün problemin həllində köklü dəyişikliyə gətirib çıxaracağını hesab etmirəm. Amma hər halda münbit şəraitin yaradılması baxımından müsbət rol oynaya bilər. Bu, istisna deyil”.

Politoloq Elşən Mustafayev isə hazırkı vəziyyətdə Moskvanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın marağına uyğun addımlar atacağına inanmır:

“İndiyə kimi Türkiyə ilə Rusiya arasında Dağlıq Qarabağ məsələsilə bağlı dövlət rəhbərləri arasında çoxsaylı müzakirələr aparılıb. Ərdoğandan öncəki hökumət başçılarının vaxtında da bu məsələlər diqqət mərkəzində olub. Ərdoğan özü də bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr açıb. Amma nəticə olmayıb. Çünki Dağlıq Qarabağ məsələsinin həllini Rusiya üçün vacib edən amillər hələlik, ortalıqda yoxdur. İndilikdə problemin həll olunması Rusiyanın marağında deyil. İstər Azərbaycan, istər Gürcüstan, istərsə də Moldova və Ukraynada olan konfliktlərin yaranmasında Rusiya amili əsas rol oynayıb. Belə konfliktlərin mövcudluğu Moskvanın maraqlarına cavab verir.

Düzdür, hazırda Rusiya ilə Türkiyə arasında münasibətlərin strateji xətti əvvəlki dövrlə müqayisədə başqadır. Bu gün artıq iki ölkə arasında tamam fərqli əməkdaşlıq, münasibətlər var. Çünki Rusiya hazırda Qərbin ciddi sanksiyaları altındadır və onun yaxın gələcəkdə aradan qaldırılacağı gözlənilmir. Əksinə, bu sanksiyalar daha da güclənə bilər.

Ona görə ki, sanksiyaların yaranmasına səbəb olan amillər aradan qalxmayıb. Türkiyənin də Qərblə münasibətlərində, ikincinin səhvi üzündən soyuqluq yaranıb. Bu səbəbdən Moskva ilə Ankaranın yaxınlaşması fonunda Qarabağ prosesində müəyyən məsələlərdə irəliləyişin olması istisna deyil. Amma nəticə etibarı ilə problemin tam həllinə inanmıram”.

ELÇİN

www.yenicag.az

2334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv