Reklam

Reklam

Moldovadakı qondarma “Dnestryanı respublika” Rusiya bayrağına özünün ikinci “rəsmi” bayrağı statusunu verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qondarma “respublika”nın parlamenti tərəfindən qəbul edilən qanuna əsasən, Rusiya bayrağı rəsmi dövlət qurumlarında, bayram və mərasimlərdə qaldırılacaq. Separatçılar bu qərarın “Rusiya ilə inteqrasiya prosesini sürətləndirmək” məqsədi ilə qəbul etdiklərini deyiblər.
Postsovet məkanında yaradılmış bütün separatçı rejimlərin Rusiyadan dəstəkləndiyini nəzərə aldıqda, “Dnestryanı respublika”nın bayraq presedentinin təhlükəli tendensiyaya yol açdığını söyləmək olar. Aydın məsələdir ki, Moskvadan himayə olunan Dağlıq Qarabağ, o cümlədən, başqa keçmiş sovet respublikalarındakı separatçı rejimlər də təhlükəsizlik məqsədi ilə bu varianta əl ataraq, rəsmən Rusiya bayrağının altına keçə bilərlər. Bu isə ərazi bütövlüyü pozulmuş dövlətlərin birbaşa Rusiya ilə qarşı-qarşıya gəlmələri deməkdir.

“Bayraq təxribatı”nı Yeniçağ.Az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu tendensiya təhlükəli olsa da, əsas məsələ Rusiyanın tutacağı mövqedir:

“Hər kəsə məlumdur ki, keçmiş sovet məkanında yaradılan bütün qondarma rejimlər Rusiyanın himayəsindədir. Ancaq “Dnestryanı respublika”nın bu təşəbbüsünün arxasında Moskvanın dayanıb-dayanmaması dəqiqləşdirilməli məsələdir. Həmin qondarma rejimin bu addımı sadəcə, Moskvaya yaltaqlanmaq üçün atdığı da istisna deyil. Ancaq bütün hallarda qeyd etməliyik ki, bu, təhlükəli tendensiyadır. Bildiyiniz kimi, 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın işğalından sonra həmin ərazilərdə yaşayanlara Rusiya pasportları paylanıb. Eyni zamanda, Ukraynanın Donbas regionu əhalisinə də Rusiya pasportları verilməkdədir. Bütün bunlar gələcəkdə Rusiyaya guya “öz vətəndaşları”nı müdafiə etməyə “əsas” yaradır.

Konkret olaraq, Dağlıq Qarabağ separatçıları da Rusiyaya yaltaqlanmaq üçün bu ölkənin bayrağını qaldıra bilərlər. Kremlin buna münasibətinin necə olacağını söyləmək çətindir. Çünki separatçıların rəhbəri Saakyan Rusiya mətbuatına müsahibəsində bildirib ki, Ermənistandakı “İsgəndər” raketləri Dağlıq Qarabağın təhlükəsizliyinin qarantıdır. Ancaq çox təəccüblüdür ki, Rusiyadan heç kim bu bəyanata reaksiya vermir. O baxımdan, Rusiyanın nə vaxtsa Dağlıq Qarabağda yaşayanlara pasport paylaması istisna deyil. Lakin burada bir məqama da toxunmaq lazımdır. Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Azərbaycanın Rusiya ilə münasibətləri yaxşıdır. Bununla belə, Rusiyanın separatçı rejimlərə dəstəyini nəzərə aldıqda, nəyisə istisna etmək olmur”.

A.Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."