!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ uğrunda beynəlxalq SAVAŞ: Böyük güclər qarşısında Azərbaycan hansı addımı atmalıdır? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Qarabağ Azərbaycanla Ermənistanın, ermənilərlə azərbaycanlıların problemi olmaqdan çıxıb. Tərəflər nə öz güclərini göstərə, nə də istədiklərini deyə bilirlər.

Öncə, tərəflərin balansına baxmaq lazımdır. Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə və Pakistan daha çox hərbi gücü ilə öyünənlərdir. Ermənistanın arxasındakı güc isə siyasi baxımdan daha aktivdir və Avropanın söz sahibləridir. Yəni hərbi güc Azərbaycanın, siyasi güc Ermənistanın xeyrinədir.

Ermənistan müharibəyə qədər Rusiyanın siyasi və hərbi gücünə güvənirdisə, bu, müharibədən sonra dəyişdi. Ermənistan ərazisində Rusiya hərbi bazası olmasına baxmayaraq, Avropadan ərazisinə tərəfdaş gətirmək kimi riskin içinə girdi. Niyə risk? Çünki Rusiya kimi ölkələrlə bu cür oyunlar hər zaman təhlükəlidir. Ruslar da açıq şəkildə bildirdilər ki, Ermənistanın dövlətçiliyi belə təhlükə altındadır. Ruslar Ukraynadan istədiyini alsa, ehtimal ki, əl bulayacağı ilk bölgə Cənubi Qafqaz və Qazaxıstan olacaq.

Ermənistan müharibədən sonra gözlənilənin əksinə dözmək xəttini seçdi, Azərbaycanın bütün yumşaq və sərt gücünə dözdü, vaxtı uzatdıqca uzada bildi. Etiraf etmək lazımdır ki, bu qədər təzyiqə hər ölkə dözüş gətirə bilməzdi. Hər oyunun, hər planın bir qırılma anı olur. Durduğumuz yerdən baxanda sentyabr ayındakı sərhəd toqquşması qırılma anıdır.

Məlum sərhəd toqquşmasının nəticələrinə baxaq. Azərbaycanın qazancı sərhədlərinin mühafizəsi üçün bufer zonası yaratmaq oldu. Ermənistanın qazancı isə Avropa İttifaqının missiyasını ölkəsinə gətirmək. Yuxarıda qeyd etdiyim kimi,Azərbaycan hərbi güclə istəyinə nail ola bilir, Ermənistan isə siyasi. Erməni tərəfi Avropa İttifaqının missiyasını ölkəyə dəvət edərək həm Rusiyaya gərəkli mesajı verdi, Azərbaycana da beynəlxalq aləmdən təzyiqi təşkil etdi.

Ermənistan artıq görür ki, bu siyasət işə yarayır. Ona görə də indiki mərhələdə çalışır ki, eynisini Qarabağa da tətbiq etsin. Ancaq bunun üçün bəhanə lazımdır. Bu bəhanə üçün də Azərbaycanın hərbi müdaxiləsi və mülki şəxslərin öldürülməsi lazımdır.

Sahədə bunun planlaması mövcuddur?

Bəli! Artıq son zamanlar aparılan müşahidələr zamanı və hərbi mənbələrdən əldə edilən məlumatlara görə, Qarabağdakı separatçı rejim mövqelərə hərbi geyimdə yox, mülki geyimdə şəxslər qoyur. Təkcə bununla da iş bitmir, mühəndis istehkam işlərini görənlər də, səngərlərin qazılmasında iştirak edənlər də mülki geyimdədirlər. Azərbaycan ordusu müdaxilə edəcəyi təqdirdə, erməni tərəfi bütün dünyaya Azərbaycanın mülkiləri məhv etdiyini bəyan edəcək. Paşinyanın son çıxışında soyqırımı və etnik təmizləmə barədə danışması məhz bu planın tərkib hissəsidir. Deyənlər olacaq ki, arada Rusiya sülhməramlıları var. Sentyabr ayındakı sərhəd toqquşmasında ruslar yox idi? Yaralıların çıxarılmasında ən böyük maneə nə idi? Yəni Rusiya sülhməramlıları hər şeyi həll etmir.

Azərbaycan tərəfinin antiterror əməliyyatı keçirməsinin qarşısında duran əsas maneələrdən biri də bax budur. Ona görə də genişmiqyaslı, total hücum mümkünsüz görünür. Azərbaycan tərəfinin səhv etmək kimi bir lüksünün olmadığını dəfələrlə yazmışdım. Azərbaycan ancaq xüsusi əməliyyat keçirə bilər. Gecənin birində qəfil hansısa istiqamətə sızılır, ruslara və mülkilərə toxunmadan separatçı rejimin silahlıları aradan götürülür. Bu cür xüsusi əməliyyatlar, sözün əsl mənasında, VUR-QAÇ olmalıdır. İtki vermədən, iz buraxmadan, qarşı tərəfin əlinə bəhanə vermədən. Bəzən qarşı tərəflə öz dili ilə danışmaq lazımdır. Hesab edirəm ki, bu cür əməliyyatlarda komandolardan yox, məhz xüsusi təyinatlılardan istifadə etmək lazımdır. Hətta deyərdim, Laçın dəhlizində vaxt itirməkdənsə, bir gecənin içərisində Ağdərə-Kəlbəcər yolu sürprizi edilməlidir.

İndki mərhələdə Rusiyanın özü də bölgədə istədiyi səviyyədə deyil. Bir tərəfdən Ermənistan Qarabağa da Avropa İttifaqını gətirmək istəyir. Rusiya da bilir ki, bu, Ermənistanın istəyindən daha çox, Avropa İttifaqının diqtəsidir. Ona görə də oyununu Avropa İttifaqına qarşı qurmağa məcburdur. Digər tərəfdən isə Azərbaycanın haqlı tələblərini neytrallaşdırmalıdır. Rusiyanın bölgədə var olub-olmaması bu savaşın nəticəsinə bağlıdır.

Azərbaycan üçün vaxt gedir. Vaxtın uzanması Azərbaycanın zərərinə işləyir. Ona görə də Azərbaycan təzyiqlərini artırmağa məcburdur. İlk növbədə, ekofəalların aksiyasının alternativi tapılmalıdır. Azərbaycanda hər kəs 10 noyabr bəyanatının 4 və 9-cu bəndi üzərində daha çox durur. Ancaq Azərbaycanın əlində məlum bəyanatda daha bir rıçaq var: 7-ci bənd! Həmin bənddə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Ətraf rayonları qoyaq kənara, faktiki olaraq, Dağlıq Qarabağ ifadəsi var və bunu Azərbaycan BMT-dən tələb edə bilər. Hökm deyil, baş versin, gündəmə gətirmək ki olar. Bundan əlavə, təzminat məsələsi Azərbaycanın əlindəki ən güclü vasitə ola bilər və bunu aktivləşdirmək vacibdir.

Qarabağ siyasi oyun meydançasıdır. Kim beş alacaq, kim sinifdə qalacaq, bunu yaxın gələcəkdə görəcəyik…

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv