Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun növbəti görüşü baş tutdu

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun 8-ci iclasının ilk hissəsi keçirilib.

Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

İclasda 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamə çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri, habelə bu istiqamətdə görülən işlər müzakirə olunub.

Həmçinin, yaxın vaxtlarda 8-ci görüşün ikinci hissəsinin keçirilməsi razılaşdırılıb.