!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"a inanmırıqsa, gedək özümüzü asaq" - Ya tamam, ya davam

!Reklam – Yazi

Bu gün son ölkə çempionu “Qarabağ” həlledici matça çıxır. Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Şerif”ə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası 4-cü dəfə qruplara qalmaq üçün Moldova klubunu mübarizədən kənarlaşdırmalıdır.

Təbii ki, son illərdə Azərbaycan futbolu adına möhtəşəm uğurlara imza atan Ağdam klubuna inam sonsuzdur. Ölkə futbolunun ümid yeri olan “atlılar”ın “Şerif” səddini aşacağına da şübhəmiz yoxdur.

Bəs, görəsən, “Qarabağ”a nə mane ola bilər?

Yenicag.az-a açıqlama verən mütəxəssislər “Qarabağ”a inandıqlarını bildirməklə yanaşı, “Şerif”in yarada biləcəyi təhlükədən də söz açıblar:

Ağasəlim Mircavadov, AFFA Məşqçilər Komitəsinin üzvü: “Düzü, “Qarabağ”ın “Şerif”lə ilk oyununu izləməmişəm. Şans hər zaman var. Bu, komandanın öz oyunundan asılıdır. Bilmirəm, indiki “Şerif”lə əvvəlki arasında fərq nədən ibarətdir. Amma bir onu bilirəm ki, bu oyun “Qarabağ”ın bir illik zəhmətidir. Ağdam klubu qələbə qazansa, bu millinin də motivasiyasına müsbət təsir göstərəcək. “Qarabağ”ın qələbəsinə çox inanıram. Təəssüf ki, Miçel Madera da oynamayacaq. Bu, “Qarabağ” üçün ciddi itkidir. Müasir futbolda orta xəttin mahiyyəti artır. Avropada bu xətdə çıxış edən futbolçuların qiyməti gündən-günə qalxır. Qurban Qurbanovun komandası öz oyununu oynamalı, sürətli şəkildə hücumlara çıxmalıdır. “Şerif”in əks-hücumlarının qarşısını vaxtında almaq lazımdır. Bir də standart vəziyyətlər zamanı ehtiyatlı olmaq lazımdır. Çünki indiki zamanda qolların 75-80 faizi standart vəziyyətlər zamanı vurulur”.

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: “Şerif”in bura qədər gəldiyi yola baxıram. Bir də Moldova təmsilçisinin son 5 ilini müqayisə edirəm. Məndə belə bir sual yaranır ki, onda “Qarabağ” “Şerif”i niyə keçməsin ki? Bu ən pik şansdır. Bu imkanı əldən buraxmaq olmaz. Amma reallığa baxıram ki, səfərdə 0:1 hesabı ilə məğlub olmuşuq. Bu da futbolda xoşlanmayan məğlubiyyət sayılır. Çünki “Şerif” Bakıda hesabı açsa, gərək “Qarabağ” artıq 3 qol vura. “Şerif”in neçə ilə söykənən müdafiə futbolu var və daha çox əks-hücumlara bel bağlayırlar. “Qarabağ”ın orta xətti çox zəifləyib, hücumlara keçidlərimiz alınmır. Ona görə hesab edirəm ki, “Qarabağ” var gücunu sərf edib, rəqibə orta xətti keçməyə imkan verməməlidir. Konkret proqnoz verməyə gəlincə, çox çətinlik çəkirəm. “Qarabağ” “Şerif”lə səfərdə çətin oyun keçirdi, rəqib qapısına zərbə endirmədi. Amma “Qarabağ” da həmin “Qarabağ”dır ki, son 5 ildə sözünü deyib. Düşünürəm ki, yeri gəldi-gəlmədi tənqid olunan, hədəfə gətirilən Rəşad Sadıqovun hirsi onu daha yaxşı oynamağa vadar edəcək. Rəşad Sadıqov-Qurban Qurbanov tandeminə inanıram”.

Ölkə xaricində olan millət vəkili Aqil Abbasla isə danışığımız çox qısa alındı. “Qarabağ”a azarkeşliyi ilə bilinən deputat sadəcə, Ağdam klubuna inandığını bildirməklə kifayətləndi: “Allah qoysa, “Qarabağ” qalib gələcək. Bu, futboldu, adam heç vaxt inamını itirməməlidir. Biz Şuşaya qayıdacağımızla bağlı inamımızı itirməmişik. “Qarabağ”a inanmırıqsa, gedək özümüzü asaq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçının start fiti 21:00-da səsləndiriləcək.

Emin Səfərov

www.yenicag.az

1778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv