Qarabağa köçən insanların DOLANIŞIĞI: “Dövlət tərəfindən dəstəkləyici proqramlar tətbiq olunmalıdır”

“İşğaldan azad edilmiş bölgələrdə korrupsiyaya, monopoliyaya yer verilməməlidir”.

Bunu işğaldan azad olunmuş ərazilərə köçən vətəndaşların məşğulluğu haqqında danışan professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, həmin ərazilərə qayıdan vətəndaşların sosial rifahı üçün onlara dövlət səviyyəsində dəstək olunmalıdır:

“Əvvəllər Laçın və Kəlbəcərdə yaşayanlar, əsasən, təsərrüfatla dolanırdılar. Onlar daha çox heyvandarlıq, arıçılıq, əkinlə məşğul olurdular. Bu baxımdan, indiki dövrdə də işğaldan azad olunmuş ərazilərə köçən vətəndaşlar eyni işləri görə bilərlər. Sadəcə bunun üçün dövlət tərəfindən maliyyə, kredit və təsərrüfatlarının yaradılması istiqamətində müəyyən dəstəkləyici proqramlar tətbiq olunmalıdır. Bununla yanaşı, həmin ərazilərdə Azərbaycanın yerli turizminin inkişaf etdirilməsi mümkündür və bu, vətəndaşların dolanışığına müsbət təsir edə bilər.

İşğaldan azad edilmiş bölgələrdə korrupsiyaya, monopoliyaya yer verilməməlidir. Azad və rəqabətli tenderlər elan edilməli, sahibkarlığa dəstək olunmalıdır ki, ora qayıdan vətəndaşlar öz dolanışığını təmin edə bilsinlər. Əgər onlara təsərrüfat yaratmaq imkanı tanınmasa, bu, effektiv nəticə verməyəcək”.

Gülşən Şərif