Qarabağa qanunsuz buraxılan xaricilər: “Sülhməramlılar sülh yox, qazanc üçün çalışır” – ŞƏRH

“Keçidi təmin olunan 14 şəxsin Azərbaycan ərazisinə hansı formada daxil olması barədə heç bir məlumat verilməyib”.

Bunu Azərbaycan ərazisində fəaliyyət göstərən rus sülhməramlılarının Qarabağa 14 xarici vətəndaş keçirməsi xəbərinə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, BMT-nin sülhməramlı fəaliyyəti haqqında prinsipləri var:

“Sülhməramlı qüvvələr fəaliyyət göstərdiyi ərazinin qanunvericiliyinə əməl etməlidir. Rusiya sülhməramlıları Azərbaycan qanunvericiliyinə uyğun davranış sərgiləməlidir. Bunun tam əksi müşahidə olunur.

Xarici vətəndaşlar gömrük və sərhəd keçid proseduruna uyğun ərazidən-əraziyə keçməlidir. Keçidi təmin olunan 14 şəxsin Azərbaycan ərazisinə hansı formada daxil olması barədə heç bir məlumat verilməyib. Sülhməramlıların bu addımı beynəlxalq hüquqi-normativ aktların, Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması kimi qiymətləndirilməlidir. Təxribatçı addım atan rus sülhməramlılarının vaxtından əvvəl fəaliyyətinin bitməsi ilə bağlı tədbir görülməlidir.

Bu, general-mayor Andrey Volkovun özünü müstəqil bir şəxs kimi aparması və onun qaranlıq keçmişi ilə bağlıdır. O, Suriyada fəaliyyət göstərərkən PKK-ya dəstək verməsi məsələsində adı hallanıb. Volkovun silah satışında iştirakı ilə bağlı müvafiq məlumatlar var. Ola bilsin ki, eyni fəaliyyət istiqamətini Azərbaycanda həyata keçirir. Göründüyü kimi, sülhməramlılar Azərbaycan ərazisində fəaliyyətlərinə sülhün təmin olunması yox, qazanc əldə edilməsi kontekstindən yanaşır”.

Nəsimi Ələsgərli