Azərbaycan Premyer Liqasının 24-cü turunda mövsümün çempionu rəsmiləşə bilər.
Bunun üçün aprelin 22-də keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçında ağdamlıların qələbə qazanması lazımdır.
Qurban Qurbanovun yetirmələri meydandan 3 xalla ayrılacağı halda, digər görüşlərin nəticəsindən asılı olmayaraq növbəti çempionluğunu rəsmiləşdirəcək.
Di gəl ki, “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma “CBC Sport” tərəfindən canlı yayımlanmayacaq. Səbəbin isə heç dünya futbolunda analoqu yoxdur. Belə gülməli səbəb yalnız bizdədir, eksklüzivdir.
Nəymiş, əfəndim? Premyer Liqanın yayım hüquqçusu “CBC Sport” həmin gün eyni saatda keçiriləcək “Neftçi” – “Qəbələ” matçını yayımlayacaqmış. Niyə? Deyilənə görə, “Neftçi” kubokda mübarizəni dayandırdığı üçün, bu matça ölüm-qalım oyunu kimi baxır. Qardaş, bəs, Sumqayıtdakı oyun nədir? Əgər 8-ci km qəsəbə stadionunda keçiriləcək matça ölüm-qalım qarşılaşması deyirsizsə, onda Sumqayıtda baş tutacaq oyun da qladiator döyüşüdür!
Çünki turnir cədvəlinə nəzər yetirdikdə görərik ki, “Sumqayt” ölüm-qalım matçına çıxan “Neftçi”dən 5 xal öndədir. “Qarabağ”a qalib gələcəyi halda, gümüş medallar uğrunda da mübarizə apara bilər ki, indiki durumda bu, heç də sensasiya kimi görünmür. Digər tərəfdən isə tezliklə çempionluğunu rəsmiləşdirib, vaxtından əvvəl istirahətə getmək barədə düşünən “Qarabağ” var… Belə olan halda ölüm-qalım matçı hansıdır?
Hə, az qala yazmağı unutmuşdum. Digər eksklüziv səbəblərdən biri də odur ki, iki oyunda eyni saatda başladığından bir komandanın haqqına girmək olmazmış. Sanki çempionatı Peşəkar Futbol Liqası yox, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi idarə edir.
Emin Səfərov