!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa qayıdış dilemması və prezidentin “basdığı” həssas damar – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi “Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik” fikri son iki gündür, ən çox müzakirə olunan məsələlərdəndir.

Dövlət başçısının səsləndirdiyi bu fikrə öz münasibətimi yekunda bildirəcəm. Gələk müzakirələrə və insanların düşüncəsinə. Pandemiya səbəbindən insanların toplaşmaq, bir yerə yığışmaq imkanı olmadığı üçün sosial şəbəkələrdəki reaksiyaları əsas götürəcəm. Bəzi şəxslər açıq şəkildə öz dədə-baba yurduna qayıdacağını yazır. Bu barədə sual verməyə yer də qoymur. Bəziləri istehzalı suallar yağdırır, bəziləri isə ümumiyyətlə, sual verməkdənsə, birbaşa ittihama keçərək, “getməyəcəklər”, – deyə hökm verir, qıcıq yaradırlar.

Heç kəs unutmasın ki, Qarabağ problemi, tək qarabağlıların yox, bu dövlətin, hamımızın problemi idi. Dövlət olaraq, Birinci Qarabağ Müharibəsindən məğlub ayrılmışdıq, Vətən Müharibəsində isə fantastik birliyimiz sayəsində qalib gəldik. Dövlətin probleminə görə vətəndaşı məzəmmət etmək, məcburi köçkünlərə hər fürsətdə “torpağı qoyub qaçmısınız” demək, ən azı zəkanın nə qədər gerililyindən xəbər verən yanaşmadır.

Qarabağlılar təkcə torpaq itkisinə deyil, onilliklər ərzində yersiz məzəmmətlərə də məruz qalmışdılar. Bəziləri sosial şəbəkələrdə yazırlar ki, qaçqınlar getsəydi, Bakı boşalardı. Türkiyəlilərin bir sözü var: “Dinimə küfr edən müsəlman ola barı”. Hər kəs yaxşı bilir ki, Bakı paytaxt olduğu üçün bölgələrdən buraya hər zaman axın olub – sovet dövründə də, indi də. 1988-ci ildə Ermənistandan qaçqın, 1991-93-cü illərdə isə Qarabağdan məcburi köçkün düşənlərin əksəriyyəti Bakıya üz tutdu.

Ağdam işğal ediləndə 6 yaşım olsa da, çox gözəl xatirimdədir. İnsanların xeyli hissəsi uzun illər cəbhə dediyimiz yerlərdə alaçıqlarda qalırdılar ki, onsuz da rayon tezliklə azad ediləcək. Qarqar çayının sahili alaçıqlarla dolu idi. Oradan hazırlanmış materiallar yəqin ki, AzTV-nin arxivində qalır. Həmin süjetlər o zaman efirə də verilmişdi. Yəni insanlar öz torpaqlarına qayıtmağı düşünürdülər.

Hə, ola bilər, əhalinin kiçik bir hissəsi qayıtmasın, ancaq o da torpağını sevmədiyi üçün yox, məhz iş və dolanışığın təmin edilməsi üzündəndir. Onu da zamanında işləmək, vəzifə tutmaq üçün paytaxta gələnlərin nisbətindən çıxaq. Elə bir rayonumuz var ki, oradan gəlib Bakıda məskunlaşan olmasın? Dünyanın hər yerində bu tendensiya mövcuddur. Ali təhsil almaq üçün böyük şəhərlərə gedənlərin əksəriyyəti orada qalır, geri dönmür. Bu, hər yer üçün keçərlidirsə, qarabağlılar üçün niyə keçərli olmasın?

Müharibə vaxtı bir tanışımla qarşılaşdım. Xaricdə yaşayan iş adamıdır. Mənə göstərdiyi pulun miqdarını biləndə, gözüm kəlləmə çıxdı. Dedi ki, gəlib burada yaşayacam, Abdal-Gülablını cənnətə çevirəcəm. Yəqin xəbəriniz yoxdur, bilirsiniz, xaricdəki qarabağlı iş adamları hansı sahələrdə iş qurmaq üçün indidən layihələr hazırlayırlar?

Valdeyinlərim qaçqınlar üçün salınan qəsəbələrdən birində yaşayırlar. Atam müharibədən əvvəl həyətimizdə iş gördürmək istəyirdi, dayandırdı. Deyir, əlimi heç nəyə vurası deyiləm. Bundan sonra Ağdam! Təkcə atamdırmı belə düşünən? Əminliklə deyə bilərəm ki, yox! Siz sosial şəbəkələrdə qarabağlıların qayıdıb-qayıtmayacağını dartışdığınız vaxt onların çoxu ev çertyojları çəkdirir, nəyi necə etməyi planlaşdırır, iş qurmağın yollarını düşünür. Kimsə çıxıb deyəcək ki, bəs mənim bir tanışım var, getmək istəmir. Əmin olun ki, tanışınız istisnadır, bu qədər sadə. Bəzi adamların tanışları arasında doğma yurda getmək istəməyənlər olsa da, mənim tanıdıqlarım arasında – heç qarabağlı olmasalar belə – Xankəndində yaşamaq, orada iş qurmaq üçün dövlət qurumlarına müraciət edənlər var.

Dediyim kimi, gələk prezidentin yuxarıda vurğuladığım fikri haqqında düşüncələrimə. Hər kəsin yadına gəlir, Tovuz döyüşlərində general Polad Həşimov şəhid olandan sonra minlərlə insan küçələrə axışaraq, cəbhəyə yollanmaq istəyini bildirmişdi. Prezident o ərəfədəki çıxışında bildirdi ki, çox az sayda vətəndaş – 150 nəfər vuruşmaq üçün müraciət edib. Daha sonra qeyd etdi ki, “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. O vaxt bəyan edilən 150 rəqəmi cəmiyyəti sanki silkələdi. On minlərlə insan Səfərbərlik şöbələrinə axın etdi. Əslində, o “150 nəfər” məsələsi insanların çox həssas damarına toxunmuşdu və nəticəsi də göz qabağındadır. Düşünürəm ki, “öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox” fikri də yenə həmin damara nüfuz edəcək və bunun nəticəsini hər kəs görəcək.

Səxavət Məmməd

www.yenicag.az

10634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv