!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”a uğur gətirən YUXU: “Mən də o gecə röyamda gördüm ki...” - Aqil Abbas

!Reklam – Yazi

“Oyundan bir gecə əvvəl yuxuda gördüm ki, Şuşadayıq, orada bir futbolçumuz öz qapımıza qol vurub”.

Bu sözləri “Qarabağ”ın “Lex” üzərində qələbəsi və komandanın baş məşqçisi Qurban Qurbanovun yuxuda Aqil Abbası gördüyü haqda dediklərinə münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas bildirib ki, hər zaman inandığımız “Qarabağ”ın “köhlən atlar”ı “Lex”i futbol meydançasında “tapdaladı”:

“İnanıram ki, “Sürix”i də “Lex” kimi tapdalayıb keçəcəklər. Narahat olmağa dəyməz. Yenə Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Qurban Qurbanov təkcə “Qarabağ”ı yox, Azərbaycan futbolunu təmsil edir.

Bir dəfə qəzetdə də yazmışdım. “Qarabağ” Qarabağ üçün sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan qat-qat çox iş görüb. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə keçəndə Braziliya qəzetləri belə Qurbandan, “Qarabağ”dan, Ağdamdan yazmışdılar. Qurban dedi, bu qələbəni bütün Azərbaycana həsr edirik.

“Lex”in baş məşqçisi ilk oyunda “Qarabağ”ı udandan sonra bəzi xoşagəlməz sözlər demişdi. Tapdalayıb keçdik və ona göstərdik ki, biz kimik. Stadion da dolu idi. Bakıda olsaydım, oyuna baxmağa gedəcəkdim. Həmişə gedirəm. Rayondayam, ona görə televizorda baxası oldum.

Qurban Qurbanovun mətbuat konfrasına baxa bilmədim. Gördüm, evdə hamı Muğam müsabiqəsinə baxmaq istəyir, kanalı dəyişdim. Sonra yoldaşlar zəng elədi ki, Qurban səni yuxuda gördüyünü deyib”.

Millət vəkili qeyd edib ki, o da Qurban Qurbanovun yuxusuna bənzər yuxu görüb:

“Hər dəfə oyundan əvvəl Qurbana zəng edirəm. Bu dəfə rayonda idim, zəng edə bilməmişdim. Oyundan sonra da həmişə zəng edirəm. Uduzanda da deyirəm ki, dilxor olmayın, “Çelsi”, “Barselona” uduza bilir, biz bir dəfə uduzsaq nə olar? Futboldur, bir gün udarlar, bir gün uduzarlar.

Gecə Qurban özü mənə zəng vurdu, qələbə münasibəti ilə bir-birimizi təbrik elədik. Bütün komandamı təbrik etdim. Həmin gecə mən də Qurban Qurbanovun yuxusu kimi yuxu görmüşdüm. Gördüm, Əsgərandan, Xocalıdan, Xankəndidən keçərək köhnə Ağdam yolu ilə Şuşaya gedirik.

Sonra gördüm oyun başlayıb, müdafiəçimiz öz qapımıza bir top vurdu. Yuxudan ayıldım. Elə də oldu, müdafiəçimizin səhvindən qol buraxdıq. Durdum, “Qarabağ” üçün dua etməyə başladım. Səhər tezdən duranda yenə dua elədim. Oyun başlayanda əlimi qaldırıb dualarımı təkrarladım.

Yanımda xaricilər oturmuşdular. Qapımıza qol vurulanda, yuxumun düz çıxmasına çox pis oldum. Ancaq komandaya inanırdım. Dünyanın işləridir. Qurban məni yuxusunda görüb, mən də onun yuxusuna bənzər şeylər görmüşəm. İkimiz də yuxuda Şuşada olmuşuq. Qurban bilir ki, mənim ürəyim o komanda ilə döyünür. Hər dəfə zəng edirdim, bu dəfə zəng etməmişdim. Yəqin düşünüb ki, görəsən, niyə zəng etmir, ona görə də yuxusuna girmişəm.

Bir dəfə “Nizami” kinoteatrının qarşısında tədbirdən çıxanda, Qara Qareyevlə Mahir Emreli yaxınlaşdı ki, sizinlə şəkil çəkdirmək olar? Dedim, əlbəttə. Şəkil çəkdirdik, sonra onu qəzetin birinci səhifəsinə yerləşdirib yazmışdım ki, görün, mən kimlərlə şəkiş çəkdirmişəm. Fəxr edirdim ki, onlarla şəklim var.

Futbolu bu qədər çox sevən adamam. “Qarabağ” vaxtilə ev oyunlarını Sumqayıtda oynayırdı. Sumqayıtdakı stadiouna 500-600 uşaq gəlirdi, komanda uduzanda, ağlayırdılar. Onların bəzilərinin ataları yox idi, bəzilərinin anaları, əmiləri, dayıları müharibədə həlak olmuşdular.

Onların bir ümid yeri vardı, o da “Qarabağ” idi. Oyuna çıxanda futbolçulara deyirdim, mən ölüm, o uşaqları ağlatmayın. Evimiz-eşiyimiz getmişdi, dədəmizin qəbri getmişdi, bizə ümid verən, həyata bağlayan “Qarabağ” idi. Ona görə də, “Qarabağ” haqqında nə desəm, azdır. Ağdama qayıdan kimi “İmarət”də Allahverdi Bağırovun heykəlini ucaldacağıq. Ağdamda yeni stadion tikiləndə də stadionun qarşısına Qurban Qurbanovun heykəlini qoyacağıq”.

Səxavət Məmməd

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv