Qarabağda əhaliyə pay torpağı BÖLGÜSÜ: “Həmin torpaqlar yenə dövlətin əlində qalacaqsa…” – XƏBƏRDARLIQ

“İşğaldan azad olunmuş ərazilərdə pay torpağı olan şəxslər üçün torpaq bölgüsü ədalətli aparılmasa, bu, sosial narazılığa səbəb ola bilər”.

Yenicag.az xəbər verir ki, bunu Sərsəng və Suqovuşan su anbarlarının ölkəmiz üçün əhəmiyyətinə və əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsindən sonra Qarabağdakı torpaq bölgüsü ilə bağlı vəziyyətə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayılın fikrincə, su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb:

“Sərsəng su anbarı Avropanın ən hündür su-elektrik stansiyalarından biridir. Bu su anbarının 125 metr hündürlüyü var. Əvvəlki vaxtlarda Sərsəng su anbarının partladılması ilə bağlı fikirlər irəli sürülsə də, bu su anbarının partladılması qeyri-mümkündür.

Çünki belə bir imkan ermənilərin əlində var idi, amma onlar da bunu edə bilməzdilər. Sərsəng su anbarında su yığılır və enerji istehsal olunur. Suyun bölünməsi isə məhz Suqovuşan su anbarında baş verir. Bu bölgü, əsasən, Goranboy, Tərtər, Bərdə və Ağdamı əhatə edir.

Ermənistan bir neçə dəfə məsələ qaldırıb ki, Sərsəng və Suqovuşan su anbarlarının suyundan birgə istifadə edilsin. Çünki ermənilərin hələ də Ağdərə, Əsgəran rayonları istiqamətində nəzarət etdikləri torpaqlarımız var.

Ermənilər Sərsəngdən ayrılan Yuxarı Qarabağ kanalı istiqamətində birlikdə müəyyən işlərin görülməsini istəyirlər. Hər halda, su məsələsi problem olaraq qalsa da, bu məsələdə tezliklə hansısa razılaşmanın olacağını gözləmirəm”.

İlham İsmayıl vurğulayıb ki, mövcud şəraitdə əsas məsələ bu ilin 27 aprel tarixində ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan fərmanla işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsidir:

“Bu fərmanın icrası ilə bağlı müsbət cəhət odur ki, nazirlik dövlətə məxsusdur və idarəetmə dövlətdə olacaq. Hansısa oliqarx və ya rüşvətxor o torpaqlarda kənd təsərrüfatı işi ilə məşğul olmayacaq.

Lakin əhali köçürüləndən sonra da həmin torpaqlar yenə dövlətin əlində qalacaqsa, bu, doğru olmaz. Çünki ora köçən insanların əvvəldən pay torpaqları olub. Hesab edirəm ki, dövlət pay torpaqları məsələsində ehtiyatlı olmalıdır.

Fikrimcə, hazırda verilən qərar məhz əhalinin həmin torpaqlara köçəcəyi vaxta qədər qüvvədə olacaq. Daha sonra isə bu qərar dəyişəcək. Yəni pay torpaqları oranın sakinləri üçün qanun çərçivəsində düzgün bölünəcək”.

Gülşən Şərif