“Qarabağ”da “Jiquli” motorudur, “Roma”da isə BMW” – Ramin Musayev

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” matçını izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də var idi.

Yenicag.az xəbər verir ki, qurum rəhbəri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Əvvəlcə qarşılaşma haqda fikirlərinizi bilmək maraqlı olardı…

– Hər iki komandanın oyunundan razı qaldım. “Neftçi”nin oyunu da məni qane etdi. İstədiyim oyuna lap az qalıb. İnşallah o da olacaq.

– Oyundan sonra Roman Qriqorçukla nə barədə danışırdınız?

– Bu, dostluq söhbəti idi. O adama böyük hörmətim var. İşini sevir və peşəsinə məsuliyyətlə yanaşır.

– I Divizionda iştirak edəcək komandaların sayı dəqiqləşsə də, bunun artacağı deyilir…

– Bu məsələ ilə bağlı yekun qərar verilib. Komandaların sayı 10 olacaq. Yayılan xəbərlər şayiədir.

– Qarşıda “Qarabağ”ı çətin sınaq gözləyir. “Roma” ilə oyun barədə nə düşünürsünüz?

– “Qarabağ”da “Jiquli” motorudur, “Roma”da isə BMW. İnanıram ki, BMW “06”ya yoldaşlıq edəcək.

– Qarşılaşmanın final fitindən sonra “Qəbələ”nin futbolçuları – Ruslan Qurbanovla Stiven Jozef-Monroz əlbəyaxa oldular. Qurbanov açıqlamasında Monrozun onu vurduğunu bildirib. Xoşagəlməz vəziyyətə münasibətiniz necədir?

– Əşşi, kişi kişini vurar da… Allah köməyi olsun, PFL-in büdcəsi artacaq (gülür). Klubun daxili işinə qarşmaq düzgün olmazdı. Bu, komandanın daxili işləridir.

COP29