Qarabağda mümkün antiterror ƏMƏLİYYATI: “Azərbaycan hakimiyyəti koordinasiyalı hərəkət etməklə…” – Hərbi ekspert

“Rusiya qoşunlarının Qarabağda yerləşən bölmələrinin böyük hissəsi peşəkardır. Onların müəyyən qisminin çıxarılıb Ukrayna cəbhəsinə göndərilməsi və əvəzinə çağırışçıların gətirilməsi normal haldır. Bu, birinci növbədə ona dəlalət edir ki, həm ortada razılaşma var, həm də Qarabağ Rusiya üçün prioritet təşkil etmir”.

Bunu Qarabağdan Rusiya sülhməramlılarının bir hissəsinin çıxarılması və Qarabağın işğalda olan hissəsində əməliyyatların keçirilmə ehtimalını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsində açıq şəkildə hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması göstərilir:

“Bütün bunların hamısı nəinki Moskvanın, həmçinin Ermənistan rəhbərliyi və Qarabağın şimalındakı separatçı rejimin rəhbərliyinin də diqqətinə çatdırılıb. Onlar da buna etiraz etməyib. Ortadakı iradə budur. Azərbaycanın məxsusi qüvvələrinin bu məsələni diqqətdə saxlaması düzgün addımdır, əməliyyatların keçirilməsi labüd ola bilər. Çünki biz bilirik ki, Qarabağda Arayikə və Ermənistana tabe olmayan birləşmələr var. Qarabağdakı qanunsuz hərbi birləşmələrin bəzilərinin komandirləri fransız vətəndaşlarıdır. Onlar bu razılaşmanı qəbul etməyə bilərlər. Belə olan halda isə Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər. Bu səbəbdən də Azərbaycan ordusunun məxsusi qüvvələri tam hərəkətə gətirilib və ərazi nəzarət altına alınıb.

Hansı istiqamətdə qarşı tərəf tabe olmayacaq, lokal əməliyyatlar aparılacaq. Bu əməliyyatların aparılması heç də Rusiya qüvvələri ilə Azərbaycan qüvvələrinin qarşılaşması ilə nəticələnməyəcək. Çünki bu tip əməliyyatlar koordinasiyalı şəkildə aparılır. Bəziləri bunu elə təqdim etmək istəyir ki, guya Azərbaycan Ukraynadakı vəziyyətdən istifadə edir. Bu qətiyyən belə deyil. Vətən müharibəsi də göstərdi ki, Azərbaycan heç vaxt burnunun dikinə hərəkət etmir. Edəcəyi hər bir şeyi həm Türkiyə, həm də Rusiya ilə koordinasiyalı şəkildə aparır. Buradan nədənsə qorxmalı, çəkinmli, böyük müharibənin olacağını düşünməli bir şey yoxdur.

Əsasən, nəzarət altına alınmalı rayon Ağdərə olacaq. Çünki oradan Kəlbəcərə yol keçir. Gələcəkdə Ağdərədən Kəlbəcərə dəmiryolu xətti də çəkilə bilər. Digər ərazi isə Xocalıdır. Xocalı Azərbaycan üçün həm siyasi, həm də namus məsələsidir. Azərbaycan bu istiqamətləri öz nəzarəti altına almalıdır. Alacağını da gözləyirik.

Erməni tərəfi çalışırdı ki, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoysun və Şuşa ilə Hadrutu yenidən öz nəzarəti altına alsın. Moskva Bəyannaməsindən sonra bu arzuları da puça çıxmış oldu.

Azərbaycan rəhbərliyi razılaşdırılmış, heç bir dövlətin mənafeyini tapdalamadan elə xarici siyasət aparır ki, biz də onun bariz nümunəsini görürük. Uzun zaman tənqidə tuş gələn Azərbaycan hakimiyyəti koordinasiyalı və səbrlə hərəkət etməklə uğurlu iş aparır”.

Səxavət Məmməd