Qarabağda şiddətli döyüşlər: 3 erməni məhv edildi

aacebhe126Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan bu gecə qoşunların təmas xəttinin Qarabağ istiqamətində “şiddətli döyüşlərin” getdiyinə dair məlumat verib.

Ovansisyan ötən gecənin “çox gərgin keçdiyini”, təfərrüatların qondarma “DQR müdafiə nazirliyi” tərəfindən açıqlanacağını deyib.

Daha sonra Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” bildirib ki, dekabrın 17-dən 18-nə keçən gecə Azərbaycan silahlı qüvvələrinin bölmələri təmas xəttinin cənub, şərq və şimal-şərq istiqamətlərində “növbəti diversiya həmlələri” edib.

Bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Aqasi Qriqoryan (1996) və Ruben Aleksanyan (1996) öldürülüblər. Bundan əlavə dekabrın 17-də təmas xəttinin şimal hissəsindəki erməni mövqelərindən birində 1992-ci ildə anadan olmuş Qor Ohanyan “naməlum şəraitdə aldığı odlu silah yarasından” ölüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində bu gecə davam edən döyüşlərdə ordumuzun bir əsgərinin şəhid olduğunu açıqlayıb.

Bu şiddətli döyüşlər Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində sabah baş tutacaq görüşü ərəfəsində baş verir.