!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda sülhməramlı provokasiyası və rus-fars antiAzərbaycan birliyi - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Sülh, delimitasiya söhbətləri başlayandan və bu istiqamətdə görüşlər keçirilməyə başlandıqdan sonra Ermənistan və Azərbaycan dövlət sərhədində atəşkəsin pozulması adət halını alıb.

Dövlət sərhədində atəşkəsin pozulması adiləşsə də, Rusiya sülhməramlılarının nəzarəti altındakı hissədə uzun müddət idi ki səssilik hökm sürürdü. Ancaq dünəndən başlayaraq Xocavənd istiqamətində atəşkəs pozulmağa başlayıb.

Qarabağda atəşkəsin pozulması məntiqi sonluqdur. Ruben Vardanyanın Rusiya tərəfindən Xankəndiyə göndərilməsi, ona vəzifə verilməsi, adıgedən şəxsin verdiyi açıqlamalar onu deməyə əsas verirdi ki, atəşkəsin pozulması Qarabağ cəbhəsində də gözləniləndir.

Siyasi böhran, demək olar, pik həddə doğru sürətlə gedir. Bu inkişaf mərhələsinin məntiqi sonluğu da sahəyə keçmək olacaqdı. Atəşkəsin pozulma halları daha da artmağa başlasa, buna təəccüblənmək lazım deyil. Məsələ təkcə Ruben də deyil. Rusiya istəyinə, arzusuna çatmır, ciddi müqavimətlə üzləşir. Tərəflərin dövlət başçıları Putinin dəvətini qəbul edirlər, otururlar, danışırlar, ancaq qayıdandan sonra öz bildiklərini edirlər.

Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, Rusiya sülhməramlıları müvvəqqətidir, çıxacaqlar. Bu da məntiqi sonluqdur. Çünki bir neçə dəfə yazılarımda qeyd etmişdim ki, Azərbaycan Rusiya sülhməramlılarını hətta vaxtından əvvəl ərazisindən çıxarmaq üçün çalışır. Hesab edirəm ki, Rusiyanın bölgədə, bəlkə də, Ermənistandakı hərbi bazalarından da önəmli və qırmızı xətti Qarabağdakı qoşunudur. Rusiya açıq elan etməsə də, Qarabağa yerləşdirdiyi sülhməramlı adı altındakı qoşununu qırmızı xətii bilir. Bunu üçtərəfli görüşlərin hamısının sonunda imzalanmış bəyanatdan da görə bilərik. Mütləq sülhməramlılarla bağlı bir bənd salınır və tərəflər razılığını ifadə edir.

Rusiya bəyanatlarda tərəflərin razılığını ifadə etməsini ona görə göstərir ki, sabah əlində bayraq etsin və “Tərifləmisiniz, razılıq verin”, – deyə bilsin. Bu, Rusiyanın A planıdırsa, B planı da hazırdır. Atəşkəs pozulur, “sülhpərvər”, “mərhəmətli” rus əsgərləri tərəflərin arasına girib onları sakitləşdirir və dünyaya mesaj verir ki, biz olmasaq, bir-birilərini yeyərlər.

Rusiyanın Qarabağdakı qırmızı xətti Ermənistan üçün göydəndüşmə bir şeydir. Ərazisində deyil, onun ordusu ilə üz-üzə dayanmayıb. Azərbaycan bu məsələdə sözün hər mənasında Rusiya ilə üz-üzə qalıb.

Əslində, rəsmi Bakı Qarabağdakı bütün təxribatlarda son dərəcə diqqətli olmalıdır. Atəşkəs intensiv hal alarsa, təhdid bilinən nöqtələr susdurulmaq üçün lokal əməliyyat da keçirmək mümkündür. Diqqətli olmağı məhz bu mərhələdə nəzərdə tuturam. Rus əsgərinin bu zaman ölməsi, sözün əsl mənasında, onsuz da olan gərginliyi böhran həddinə gətirib çıxarar. Rusiya özü də buna gedər mi? Rusiyanın apardığı bütün müharibələrə baxanda açıq gördüyümüz bir şey var ki, Kreml üçün əsgər, insan itkisi heç bir əhəmiyyət kəsb etmir. Hətta tarixdə də bunun analogiyası var. Rus tacirləri indiki adla Azərbaycan ərazisində öldürülür və rusların hücum dalğaları başlayır. Yəni bu, rusların edə bilməyəcəyi taktika deyil.

Rusiya telekanalları açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyətdədir. Ruslar Xankəndini siyasi mərkəzə çevirmək üçün açıq oynayırlar. Azərbaycan da bunun fərqindədir. Ancaq Azərbaycanın əlində, demək olar ki, yumşaq gücü qalmayıb. Laçın dəhlizinin bağlanması variantı var, ancaq bunu etmək üçün təkcə siyasi qərar yox, həm də tərəfdaş və müttəfiqlərdən ciddi dəstək lazımdır.

Hesab edirəm ki, antiterror əməliyyatı keçirmək o qədər asan bir şey olsaydı, rəsmi Bakı bunu çoxdan gerçəkləşdirərdi. Yəni bu, sadə bir şey deyil.

Maraqlı başqa bir məqam da var. İran telekanalları ilə Rusiya telekanalları sanki sözləşib birgə hücuma keçiblər. Təkcə bu yox, bir çox məsələlərdə eyni mərkəzdən idarəolunma hiss edilir.

İran demişkən, bir məsələyə də diqqət etməkdə fayda var. Mərhum prezident Elçibəy İranla və Cənubi Azərbaycanla bağlı odlu-alovlu çıxışlar edirdi. Zamanında qınandı. Yeni müstəqil olan dövlət üçün belə bir niyyətin ortaya atılması zamansız görünə bilərdi. Elçibəydən sonra rəsmi Bakı, demək olar, bir dəfə də bu mövzuya toxunmadı, praqmatik diplomatiya, ehtiyatlı kəlmələr seçilirdi. Ancaq uzun illər sonra ilk dəfədir ki, Azərbaycan Prezidenti cənubi azərbaycanlıların problemini açıq şəkildə dilə gətirdi. Zaman anlayışı indi tam yerinə oturur.

Azərbaycan dünyada baş verən proseslərə ayaq uydurmağa çalışır. Buna məcburdur da. Var olmaq üçün risk almaq lazımdır.

Səxavət Məmməd

www.yenicag.az

28916
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv