Qarabağda sülhməramlıların məskunlaşma PLANLARI: “Laçın dəhlizində öz qoşunlarımızı yerləşdirməliyik” – ŞƏRH

“Rusiya Qarabağa sülhməramlı kimi girsə də, işğalçı kimi davranır”.

Bunu Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ruslar Qarabağda uzun müddət qalmaq istəyir:

“Rusiya sülhməramlıları Qarabağda qalmaq üçün müxəlif dona girirlər. Rusların Qarabağda qalması üçün ermənilərin orada olmalıdır. Ona görə çalışırlar ki, köçən erməniləri geri qaytarsınlar, onlar üçün binalar tiksinlər. Kilsə tikiblər, sabah bir şey olsa, deyəcəklər ki, kilsə Allah evidir, onu uçurmaq olmaz.

Rusların nə istədiyini dəqiq bilməliyik. Biz istəyirik ki, rus sülhməramlıları bir müddət sonra Qarabağdan çıxıb getsin. 200 ildən çoxdur ki, o ərazilərdə ruslar insanları deportasiya edir, orada erməni vilayəti yaradıb, erməni dövləti yaradıblar. Biz bunu çox yaxşı bilirik ki, bütün bunları ruslar edib. Rusların gücü nəyə çatır onu edir, Azərbaycanın da gücü nəyə çatır onu edir. 10 il əvvəl ruslar Türkiyə qoşunlarının Azərbaycana gəlməyinə icazə verməzdi. İndi vəziyyət başqadır. Zamanı çatanda rusları buradan çıxarmaq lazımdır. Ermənilər verdikləri sözlərə əməl etmirlər. Onlarla sərt danışmaq lazımdır. Laçın dəhlizində öz qoşunlarımızı yerləşdirməliyik”.

Səxavət Məmməd