“Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı kim olursa-olsun…” – ŞƏRH

“Erməni terrorçuları Azərbaycan əsgərlərinə dəfələrlə hücum etsələr də, onlar məhz rus hərbçilərinin sayəsində məsuliyyətdən kənar qalıblar”.

Bu fikirləri general-mayor Andrey Volkovun Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinə yeni komandan təyin edilməsini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, yeni komandan bütün hallarda Moskvadan aldığı təlimatlar əsasında fəaliyyət göstərəcək:

“Bildiyiniz kimi, Rusiya hərbi kontingentinin Qarabağda yerləşdirilməsindən artıq bir il iki ay müddət ötür. Ancaq, çox təəssüf ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya hərbçiləri öz missiyalarını heç də normal səviyyədə həyata keçirmirlər.

Bu sırada Ermənistandan Qarabağdakı separatçılara silah-sursat keçirilməsindən tutmuş xarici vətəndaşların Xankəndiyə səfərlərinə imkan verilməsinə qədər bir çox detalları qeyd edə bilərik. Eyni zamanda, bu müddət ərzində erməni terrorçuları Azərbaycan əsgərlərinə dəfələrlə hücum etsələr də, onlar məhz rus hərbçilərinin sayəsində məsuliyyətdən kənar qalıblar.

Digər tərəfdən, Rusiya hərbçiləri öz mandatlarından kənara çıxaraq separatçı rejim üçün sanki sosial xidmət fəaliyyəti də göstərməkdədir. Rəsmi Bakı bununla bağlı Rusiyaya öz narazılığını açıq mətnlə bildirib.

Lakin nəzərə alınmalıdır ki, Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı kim olursa-olsun, o şəxs Moskvadan aldığı təlimatlar əsasında fəaliyyət göstərəcək. Ona görə də ilk növbədə Rusiyanın özünün üçtərəfli bəyanatın müddəalarına əməl etməsi lazımdır”.

A.Zeynalov