“Qarabağdakı separatçı rejim İrəvanın deyil, Rusiya sülhməramlılarının nəzarətindədir” – Bakı üçün YENİ İMKAN

“Azərbaycan İrəvan və separatçılar arasındakı bu ziddiyyətlərdən öz maraqları üçün maksimum istifadə etməlidir”.

Bu fikirləri Ermənistan hakimiyyəti ilə Qarabağdakı separatçı rejim arasında getdikcə artan gərginliyin mümkün nəticələrini şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, İrəvanla Xankəndidəki rejim arasında açıq müstəviyə keçən qarşıdurma Azərbaycana əlavə imkanlar yaradır:

“Əslində, indiyə kimi Qarabağdakı seperatçı rejimə cinayətkar şəxslər rəhbərlik ediblər. İndi də onların arasında hakimiyyət davası gedir və cani Samvel Babayan rejimin indiki başçısı Arayik Arutyunyanı devirməyə çalışır.

Bu ziddiyyətlər fonunda separatçılarla Ermənistan hakimiyyəti arasında baş qaldıran açıq narazılıqlar da onların mövqe fərqliliyinin kəskinləşdiyini göstərir. Bilirsiniz ki, İrəvan hər zaman Xankəndidəki rejimin başına öz adamını yerləşdirib.

İndi isə Arayik İrəvanın tələblərinə cavab vermədiyi üçün Ermənistan hakimiyyəti onu öz adamı ilə əvəzləməyə çalışır. Amma o da qeyd olunmalıdır ki, indi Qarabağdakı separatçı rejim İrəvanın deyil, Rusiya sülhməramlılarının nəzarətindədir. Bu isə o deməkdir ki, Arayik öz planlarını İrəvanın deyil, Moskvanın təlimatları əsasında qurur.

Bu fonda Azərbaycan İrəvan və separatçılar arasındakı bu ziddiyyətlərdən öz maraqları üçün maksimum istifadə etməlidir. Hesab edirəm ki, bu çərçivədə Azərbaycan ilk növbədə öz hüquq-mühafizə orqanlarının Xankəndidə fəaliyyətə başlamaları üçün addımlar atmalıdır”.

A.Zeynalov